Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından (ARKİ) bir qrup kino xadimi istefa verib. İstefaya səbəb Şəfiqə Məmmədovanın özünü qeyri-qanuni şəkildə sədr seçməsidir.
Məcra.az xəbər verir ki, məsələylə bağlı Lent.az-a danışan Xalq artisti, rejissor Şeyx Əbdül Mahmudbəy maraqlı məqamlara aydınlıq gətirdi.
– Şəfiqə Məmmədovaya qarşı yaranmış narazılığın kökündə nə dayanır?
– Bu ittifaq ictimai təşkilatdır. 5 ildən bir qurultay yolu ilə onun sədri seçilməlidir. 12 il əvvəl Rüstəm İbrahimbəyov Milli Şuraya keçəndən sonra aləm bir-birinə qarışdı. İttifaqda qanun pozuntuları oldu, dövlət işə qarışdı, Rüstəm İbrahimbəyov çıxıb getdi, ittifaq bağlandı. Amma sonra dövlət başçısı sərəncam verdi ki, ittifaqın işi bərpa olunsun. Əli Həsənov, Fatma Abdullazadə, Ramiz Mehdiyev bu işlə məşğul olmağa başladılar. Şəxsən məni Əli Həsənov çağırdı, məsləhət oldu, qərara aldıq ki, qurultay çağıraq. Bizim nizamnaməmizə görə sədr qurultayda seçilməlidir. Mən o vaxt sədr seçilmək üçün 3 namizəd göstərdim – Eldar Quliyev, Oqtay Mirqasımov və Cəmil Quliyev. Çünki kinonun sahibi rejissordur, kinoittifaqın sədri kinorejissor olmalıdır. Belə danışdıq. Ora məndən başqa bir neçə nəfər də dəvət olmuşdu, amma gəlmədilər. Həmişə belədirlər, kölgədə dayanırlar, Şeyx Əbdülü verirlər qabağa, iş həll olunan kimi, gəlib keçirlər yuxarı başa.
15 gün sonra mətbuatdan oxudum ki, “Nizami” Kino Evində Fatma Abdullazadə və Əli Həsənovun iştirakı ilə qurultay keçirilib, Şəfiqə Məmmədovanı sədr təyin ediblər. Şəfiqə hara, kino hara? Onun kinoya nə dəxli var? Məlum oldu ki, bu Fatma Abdullazadənin qurduğu bir oyundur. Dedik 5 illikdir, ara sakitləşsin sonra baxarıq. Amma Şəfiqə xanım 100 əlli yapışdı o kreslodan. 5 ildən bir qurultay keçirilməli idi keçirilmir, 7 ildir İdarə Heyəti də, Şəfiqə xanım da o ittifaqda qeyri-qanuni oturublar. Qurultay səlahiyyəti 5 il müddətinə verir. Bütün fəaliyyətləri qanunsuzdur.
– Bəs etiraz edənlər olmadı?
– Ən dəhşətlisi budur ki, 1 ay öncə Şəfiqə Məmmədova 5-10 nəfəri yığıb başına, deyib ki, mənə yuxarıdan tapşırıblar, deyiblər, “get otur sədrliyini elə, Kino İttifaqı vermişik sənə, hədiyyəndir, hamı qələt eləyir”. O da guya iclas keçirib, ittifaqın üzvü olan 300 nəfərin bu iclasdan xəbəri yoxdur. İndi gedənlər küsüb istefa verirlər. Gələn il 80 yaşımız olacaq, tələbə yoldaşı olmuşuq. Mənə maraqlıdır, onun nə marağı var ki, 100 əlli yapışıb vəzifədən getmək istəmir, danışanı şantaj edir, hədə – qorxu gəlir, nə iləsə təhdid edir.
– Ortada 2 ittifaq var. Sizcə hansı ləğv olunmalı, hansı qalmalıdır?
– Bu ona bənzəyir ki, sanki bir xanımın iki əri var. Mən deyirəm, kino adamlarını parçalamasınlar. Aramıza nifaq düşüb, bir-birimizin üzünə baxa bilmirik. Yığışsınlar bir yerə, Rasim Balayev də gəlsin, Şəfiqə Məmmədova da gəlsin, kimi seçiriksə seçək, amma qanuni olsun. Kimsə sədr olacaq deyə kino xadimləri bir-birlərinə düşmən olublar. Bu ictimai təşkilatdır, kinomuzun inkişafında heç bir xidməti yoxdur, sadəcə kino xadimlərinə xidmət edir. Qurultay çağırılmalıdır, sədr və idarə heyəti seçilməlidir.
– Sizcə qanunsuz mənimsəmələrə yol verilib? Əgər hansısa maddi maraq yoxdursa, insan niyə bu qədər qanunsuzluğa yol versin?
– Gətirib oğlunu da vəzifəyə qoyub, ona da , özünə də yüksək maaş yazıb. 12 ildir kef eləmisən, bəsdir! Çıx get, qoy kinomuza xidmət edək. Mədəniyyət Nazirliyindən, əlaqədar şəxslərdən xahiş edirəm məsələyə diqqət göstərsinlər. Hər iki ittifaqın üzvlərini bir araya yığıb qurultay keçirək, birləşək.