Prezident İlham Əliyev 2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasındakı dərin məzmunlu çıxışında bildirib ki, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq.
Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsimüşahidə olunur.
Prezident deyib ki, biz komanda işini qurmağa nail olduq. Biz bu işi məhz belə qura bildik. İndi – bütün bu infrastruktur layihələrinin hazır olduğu bir vaxtda belə alındı ki, bizim qazımıza indiyədək olduğundan daha çox ehtiyac var. Çünki Avropada qaz çatışmazlığı var və bizim Avropaya kəmərimiz enerji təhlükəsizliyinə töhfənin elementlərindən biridir. Ötən il biz Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzaladıq. Biz 5 il ərzində bu hədəfə nail olacağıq, bu, mümkündür, baxmayaraq ki, asan olmayacaq. Azərbaycan sözsüz ki, təbii qazın çox böyük təchizatçısı deyil, lakin bizim Şərqi və Cənubi Avropada bazarımız var və gələcəkdə daha çox qaz hasil etdikcə, coğrafiyamızı genişləndirəcəyik. Davos Forumu çərçivəsində keçirilən görüşlər həm dünya iqtisadiyyatının, həm də regional iqtisadiyyatın inkişafı üçün çox vacibdir. Bizim iqtisadi əməkdaşlığımız gücləndikcə, iqtisadi münasibətlərimiz daha da yaxşılaşdıqca ticarət münasibətləri artacaq ki, bu da ərzaq təhlükəsizliyinə töhfə verəcək. Xəzər dənizi üzərindən məhsulların daşınması ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin aşağı düşməsinə təsir edəcək. Regionumuzun sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsi regionun xalqları üçün firavan gələcəyin reallaşması deməkdir və bu gün biz dövlətimizin, onun başçısının bu sahədəki uğurlarını alqışlayırıq.
Sadiq Şahbazov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Təklə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini