Qulu Ağsəs: “Nəzərdə tutduğum böyük müharibə bu gün “Xankəndi-Laçın yolundakı aksiyalardır”
“Bu müharibənin isə 44 günə sonlanacağını zənn etmirəm. Bəlkə 80, bəlkə 100, bəlkə də 180 gün olacaq”
“Sizi əmin edirəm ki, aktivistlərimiz öz istəklərinə nail olacaq. Azərbaycan Ermənistanı və ona havadarlıq edən bütün ölkələri Qarabağın Azərbaycan olduğunu tanımağa məcbur edəcək və Paşinyan da bunu təsdiqləyən sülh müqaviləsinə qol çəkəcək”
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası hələ də davam edir. Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarının dayandırılmasını tələb edən aktivistlər ilk günlərdəki kimi yüksək fəallıq göstərirlər.
Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır. Onlar azərbaycanlı mütəxəssislərin faydalı qazıntı yatarqlarında monitorinq aparması üçün lazımi şəraitin yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə, Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının təşkili, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasını istəyirlər. Ancaq erməni yalanlarına daha operativ reaksiya verən bəzi beynəlxalq təşkilatlar haqlı aksiyaya münasibətdə ikili standartlar nümayiş etdirirlər.
“Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs isə Şərq”ə açıqlamasında Xankəndi-Laçın yolundakı aksiyaların ictimai əhəmiyyətindən söz açıb:
“Bu yaxınlarda “Nüvə başlığı” və ya “faites-en bon usage” adlı bir yazı yazmışam. Orada da qeyd etmişəm ki yazının nüvəsi – onun başlığıdı. Odur ki, sərlövhəyə “nüvə başlığı” da demək olar. Mən deyirəm… Sərlövhə – manşet – başlıq demişkən. Son vaxtlar erməni lobbisinin verdiyi “başlıq” Fransa mətbuatında Azərbaycanı “ittiham manşetinə” çevirib. Mənsə Parisə burdan havayı başlıq yollayıram:
Bir aydan çoxdur ki, Laçın-Şuşa yolundakı Azərbaycan sülhməramlıları Rusiya əsgərlərini erməni separatçılarından qoruyur!
Faites-en bon usage. Yəni sağlıqla işlədin…
Yəni mənim nəzərimdə Qarabağdakı sülhməramlılar ruslar yox, Azərbaycanın ekofəallarıdır.
Ordumuz cəmi 44 günə torpaqlarımızı işğaldan azad elədi. Buna Azərbaycan qısamüddətli əməliyyatla öz torpaqlarını ermənilərdən təmizlədi də demək olar. Hansı ki biz illərdir dünyaya məhz bunun mesajını verirdik ki, danışıqlar prosesi ilə alınmasa, ordumuz qısa müddətə Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək. Sözümüzü tutduq. Onu da deyim ki, 44 gün ərzində baş verənlərin mətbuatda müharibə kimi təqdim edilməsinə qarşıyam. Müharibə başqa bir dövlətin ərazisi uğrunda gedən döyüşə deyilir. Biz isə öz torpaqlarımızda antiterror əməliyyatı keçirmişik. Ağdamın azad olan kəndi işğalda olan digər kəndləri ilə müharibə aparası deyil ki!? Biz ordumuzun və xalqımızın əzmi nəticəsində torpaqlarımızı ermənilərdən təmizlədik. Amma 44 günlük döyüşlərdən sonra da demişdim ki, qarşıda bizi böyük bir müharibə gözləyir. Və nəzərdə tutduğum böyük müharibə bu gün “Xankəndi-Laçın yolundakı aksiyalardır. Bu müharibənin isə 44 günə sonlanacağını zənn etmirəm. Bəlkə 80, bəlkə 100, bəlkə də 180 gün olacaq.
Aksiyanın məqsədi, aktivistlərin tələbi o qədər aydın və sadədir ki, hansısa bir ölkənin buna siyasi don geyindirməsi mümkün deyil. Halbuki Rusiya, Fransa başda olmaqla ermənilərin havadarlığını edən ölkələr bizə ləkə yaxmaq üçün dəridən-qabıqdan çıxırlar. Anlamırlar ki, ora toplaşan gənclər haqlı olaraq öz torpaqlarında nə baş verdiyindən xəbərdar olmaq, Qarabağ bölgəsindəki faydalı qazıntı yataqlarının qanunsuz istismarına mane olmaq istəyirlər. Əslində istismarın qanuni və ya qanunsuz olmasının da elə bir əhəmiyyəti yoxdur.
Ermənipərəst Qərb mediasına, xüsusilə baş verənlərə siyasi don geyindirərək aksiyanı dünyaya Azərbaycanın erməniləri blokadaya alması kimi təqdim edən ölkələrdən soruşuram, ermənilərin bizim yataqda nə işi var!? Azərbaycanlılar yolu bağlayıb bizi incidir deyərək dünyaya car çəkən ermənilərdən soruşuram, hansı sizi? Siz kimsiniz axı?! Məgər dövlətinizin başçısı Nikol Paşinyan, o cümlədən sizə havadarlıq edən Fransa, Rusiya kimi dövlətlər dəfələrlə etiraf ediblər ki, bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır.
“Qarabağ Azərbaycandır” deməyə hünərləri çatmasa da, Qarabağın bizim torpaqlarımız olduğunu qəbul edirlər. Bəs onda bizim olan torpaqlarda separatçıların vandalizminə niyə göz yumurlar? Ermənilərin bizim torpaqlarımızda separatçı kimi nəfəs almaqlarının özü belə ekologiyamıza ziyandır”.
Q.Ağsəs deyib ki, Laçın–Xankəndi yolundakı aksiyanı ermənilərə zülm kimi dəyərləndirən insanları Şuşaya aparıb oradan aşağıdakı mənzərəni göstərmək lazımdır:
“Bir tərəfdə Xankəndidə bizim “divan tutduğumuz”, “yolu bağlayıb” “ac qoyduğumuz” ermənilərin necə rifah içərisində yaşadığına, o biri tərəfdə isə erməni separatçılarından azad etdiyimiz kəndlərə baxsınlar. Bu kəndlərdə bir dənə həyat nişanəsi yoxdur. Buna rəğmən regionda əmin-amanlıq olsun deyə biz onlara sülh təklif edirik. Bu bizim bir dövlət və millət olaraq böyüklüyümüzün təzahürüdür. Yox əgər ermənilər bizim orada aksiya keçirməyimizdən narahat olurlarsa, qapımız açıqdır. İstədikləri ölkədə, istədikləri yerdə gedib yaşaya bilərlər. Gedərkən unitazlarını da özləri ilə aparmağı unutmasınlar. Bir də əziyyətə düşüb arxalarınca biz atmayaq ! Yox əgər məhz Xankəndidə qalmaq, amma daha rahat bir həyat yaşamaq istəyirlərsə, Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edib, bizim qanunlarımızla yaşamağı seçsinlər”.
Aksiyanın nəticəsinə gəldikdə isə şair deyib ki, oxucularımı heç vaxt aldatmamışam. Alnım açıqdır:
“İllər əvvəldən deyirdim ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünü bərpa edəcək. Biz 44 günlük qələbədə buna nail olduq. İndi də sizi əmin edirəm ki, aktivistlərimiz öz istəklərinə nail olacaq. Bu aksiyanın sonunda, yoxsa fərqli bir aksiyanın nəticəsində, fərq etməz. İnanıram ki, Azərbaycan mümkün olan bütün variantlardan istifadə edib, Ermənistanı və ona havadarlıq edən bütün ölkələri Qarabağın Azərbaycan olduğunu tanımağa məcbur edəcək və Paşinyan da bunu təsdiqləyən sülh müqaviləsinə qol çəkəcək”.