Cəlilabad rayon Söyüdlü kənd sakini Qürbətov Rizvan İbad oğlu Cəlilabad rayon Təhsil şöbəsindən elm və təhsil naziri Emin Əmrullayevə şikayət edib.
Məcra.az-ın redaksiyasına üz tutan R.Qürbətov bir neçə aydır ki, azyaşlı nəvəsinin sənət işlərini düzəldə bilmədiyini deyib:
“Nəvəm Əmişov Güləli Məhəmməd oğlu 2020-2021-ci il tədris ilində Cəlilabad rayon Muğan kənd orta məktəbində, hazırlıq qrupunda təhsilini yarımçıq qoyaraq, ailəsiylə birlikdə qardaş Türkiyə Respublikasına köçdülər. Lakin nəvəm Güləli Əmişovun məktəbdən çıxmasıyla bağlı sistemdə əməliyyat aparılmamışdır.
2022-2023-cü tədris ilində qızımın ailəsi Türkiyədən geri qayıtdı. Nəvəm Güləli Məmmədovun təhsilini davam etdirməsi üçün Muğan kənd orta məktəbinə ərizəylə müraciət etdik. Lakin araşdırmalar nəticəsində məlum oldu ki, nəvəm məktəbdən gedərkən adı sistemdən silinməyib. Hazırda uşaq birinci sinifdə oxusa da, adı sistemdən silinməyib və bu problemin həlli üçün artıq hər dəfə Cəlilabad Təhsil şöbəsinə gedib-gəlirik. Mən sizin vasitənizlə elm və təhsil naziri, hörmətli Emin Əmrullayevə müraciət edirəm. Xahiş edirəm cənab nazir problemimin həll edilməsi üçün Cəlilabad təhsil şöbəsinə müvafiq göstəriş və tapşırıqlarını versin”-deyə o, bildirib.
Cəlilabad Təhsil Şöbəsindən Məcra.az-a bildirilib ki, onlar vətəndaşın problemindən xəbərdardırlar və həll edilməsi üçün Elm və Təhsil Nazirliyinə müraciət ediblər.