Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfərə dəvət olunması dövlətimizin rəhbərinə beynəlxalq aləmdə göstərilən diqqət və ehtiramın ifadəsidir. Bu, həm də İslam dövlətləri arasında dostluq və qardaşlığın təcəssümüdür. İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Qələbədən sonra Azərbaycanın beynəlxalq aləmdəki reytinqi daha da yüksəlib. İndi respublikamız dünyada qalb ölkə kimi tanınır. Bu şanlı Qələbə ölkəmizi bütövləşdirdi və Ermənistanın 30 illik işğalına birdəfəlik son qoyuldu. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev beynəlxalq tədbirlərdə qalib ölkənin lideri kimi qəbul edilir. Azərbaycan bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib. Ölkəmiz İslam həmrəyliyinə kifayət qədər töhfə verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir.
Sədrlik etdiyimiz Qoşulmama Hərəkatının Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri var. Qoşulmama Hərəkatının hazırkı rəhbəri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yaxın Şərq regionlarında və ümumilikdə dünyada sabitliyin və sülhün əldə edilməsi istiqamətində beynəlxalq ictimaiyyətə çağırışları hamının xatirindədir.
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri Azərbaycanın ərəb dünyası ilə əlaqələrində keyfiyyətcə daha yüksək və yeni mərhələnin əsasını qoydu. Azərbaycanın dövlət başçısının nüfuzlu ərəb ölkəsinin lideri tərəfindən öz ölkəsinə dəvət olunması onun Yaxın Şərqdə yüksək nüfuzunun təzahürüdür.
Elnur Azadxanov,
Cəlilkabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru