Məcra.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, ailəsi olmadığı üçün DNT testi götürülməyib və Ə. Rajapovun meyiti 5 ay morqda qalıb.
“Yaxınları tapılmadığı üçün kimsəsiz kimi dəfn edilib. Atası və anasının Əmrah kiçik olanda öldüyü deyilsə də, hər ikisi sağ imiş. İki gün əvvəl bir şəhid yaxını zəng etdi, Əmrahın anasının sağ olduğunu və mənimlə danışmaq istədiyini dedi. Bu gün danışdıq, həyatını qısaca anlatdı. Anası Gövhərcan Rajapova Yaraş qızı Türkiyədə yaşayır. Əslən türkmənistanlıdır. Anası onu istəmədiyi bir oğlanla zorla evləndirib və Goranboyda yaşayıblar. Bir müddət sonra isə ayrılıblar. Əmrahın 7 yaşı olanda Gəncədə kirayə ev tutub, onu nənəsi və bacısına əmanət edərək Türkiyəyə işləməyə gedib. Anası bir müddət işləyib uşaqlarına pul göndərib. Bir müddət sonra isə əlaqələri kəsilib. Nənəsi vəfat edəndən sonra Əmrah uşaq evinə verilib və orada böyüyüb”.
E.İslamoğlu bildirib ki, Əmrahın anası olduğunu iddia edən şəxs onun şəhid olması haqqında məlumjatı ötən ilin dekabrında öyrənib. Gövhərcan Türkiyədə ailə qurub. Beş yaşında bir qızı da var.
“Amma deyir ki, heç bir sənədi yoxdur. Əmrahın şəhid olmasını da 2022-ci ilin sonlarında qonşu qızın telefonundakı “TikTok”dan öyrənib. Bacısına və anasına çox qəzəblidir. Hazırda heç bir sənədi yoxdur. Sənədlərini düzəldib oğlunun məzarına gəlmək istəyir. Türkiyədən çıxış qadağası olduğuna görə indiyədək Azərbaycana gələ bilməyib”, deyə E.İslamoğlu əlavə edib
Qeyd edək ki, Ə.Rajapov 2000-ci ildə Gəncədə anadan olub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb. O, Füzuli uğrunda gedən döyüşlərdə oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb və Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırılıb.