Hindistanın Uttar-Pradeş ştatında 12 yaşlı yeniyetmə üç şəriki ilə birlikdə ər-arvadın evinə soxulub, onları öldürüb və qarət ediblər.
Lent.az xarici mediaya istinadla bildirir ki, polisin məlumatına görə, oğlan tanışı 60 yaşlı İbrahim Xan və onun 55 yaşlı həyat yoldaşı Həcrənin bir müddət əvvəl pul aldığını biləndə soyğunçuluğu planlaşdırıb. Dörd cinayətkar metal qırıntıları satmaq adı ilə cütlüyün evinin qapısını döyüb.
Həcrə qapını açan kimi Mukeş və Şubham adlı iki quldur onu dərhal boğub. Sonra 12 yaşlı uşaq və digər cinayət ortağı Sandip evə girərək yatmış Xanı boğublar. Bundan sonra təqsirləndirilən şəxslər özləri ilə təxminən 54.000 rupi (700 dollara yaxın), gümüş zəncir və mobil telefon götürərək qaçıblar. Cütlüyün qızı onların cəsədlərini taparaq polisə müraciət edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bir azyaşlı və iki cinayət ortağını saxlamağa nail olublar. Sandip hazırda polisdən qaçır. Qeyd olunur ki, müttəhimlər oğurladıqları pullarla silah alıb cinayət aləminə girməyi planlaşdırıblar.