Bu gün Anar Kərimov Prezidentin müvafiq sərəncamı ilə Azərbaycanın mədəniyyət naziri vəzifəsindən azad edilib.
Oxu.Az 45 yaşlı keçmiş nazirin dosyesini hazırlayıb.
Anar Kərimov 1977-ci il iyunun 3-də Füzuli rayonunda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib. 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb.
Bununla yanaşı, o, İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San-Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) diplomatik kurslarda iştirak edib. Rus, ingilis və fransız dillərini mükəmməl şəkildə bilir.
Anar Kərimov diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Respublikası xarici İşlər Nazirliyinin İnsan haqları, demokratikləşmə və humanitar məsələlər idarəsində attaşe, üçüncü katib kimi başlayıb.
2004-2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləyib. 2008-2009-cu illərdə Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışıb.
2010-2014-cü illərdə isə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində işləyib.
23 may 2014-cü ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimova “ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” diplomatik rütbəsi verilib və o, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.
Anar Kərimov 9 iyul 2019-cu ildə “fövqəladə və səlahiyyətli səfir” diplomatik rütbəsi alıb.
20 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimov Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin olunub, eyni zamanda ona mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilib.
Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin edilmişdi.
Ailəlidir, üç övladı var.