Bakı Patalogiya Mərkəzindən edilən külli miqdarda oğurluqla bağlı məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına təqsirləndirilən şəxs qismində iki nəfər çıxarılıb.
Bunlar Burxan Əliyev (soyad şərtidir) və Qulam Məmmədovdur (ad-soyad şərtidir).
Məlum olub ki, Bakı Patalogiya Mərkəzindən oğurluğu təşkil edən qurumun vaxtilə xəzinədarı işləmiş qadının əri imiş.
Belə ki, Burxanın həyat yoldaşı Bakı Patalogiya Mərkəzində əvvəllər xəzinadar işləiyib, daha sonra qurumda vəzifəsini dəyişərək iqtisadçı kimi fəaliyyətini davam etdirib. Onu xəzinadar vəzifəsində isə rəfiqəsi əvəzləyib.
Bu səbəbdən Bakı Patalogiya Mərkəzinin giriş qapısının kartı və xəzinə otağına giriş açarı arvadında olub. Burxan buna görə də gecə saatlarında kartdan və açardan istifadə etməklə Bakı Patalogiya Mərkəzindən oğurluq etmək qərarına gəlib.
O, 16 dekabr 2021-ci il tarixdə gecə həyat yoldaşının yatdığına əmin olduqdan sonra, çantasından qurumun açarlarını götürüb və Bakı Patalogiya Mərkəzinin önünə gəlib. O, açarlardan istfadə etməklə xəzinə otağına daxil olub və oradan 8400 manat pul oğurlayıb.
Bir neçə gün sonra mərkəzin xəzinədarı Səbzə adlı qadın xəzinə otağından 8.400 manat pulun oğurlandığının fərqinə varıb və təhlükəsizlik kamerasına baxılan zaman oğurluq edən şəxsin rəfiqəsinin ərinin olduğunu görüb. Nəticədə xəzinadar Burxana zəng edərək məsələdən xəbərdar olduğunu, pulu gətirib yerinə qoyacağı təqdirdə arvadına heç bir məlumat verməyəcəyini deyib. Burxan faktı əvvəlcə dansa da, sonradan əməli etiraf edib və pulu geri təhvil verib.
Buna baxmayaraq, Burxan fikrindən daşınmayıb. Bir müddət sonra o, yenidən Bakı Patalogiya Mərkəzindən oğurluq etmək qərarına gəlib. Belə ki, ilk oğurluq hadisəsi zamanı Burxanın xəzinə otağında gördüyü seyf onun ağlından çıxmayıb. Bu cinayətkar əməli gerçəkləşdirmək üçün tanışından kömək istəyib. Burxan növbəti dəfə arvadının açarlarını gizli götürərək sözügedən quruma oğurluğa gediblər. Bu dəfə seyfin içindən 64 min manat çıxıb.
Burxan 50 min manatı özünə götürüb, 10 mini isə qohumu Qulama verib.
Burxan əldə etdiyi pullarla Gürcüstandan 4 ədəd “Toyota Prius” sifariş edib. Bunun üçün o, 43 min manat beh də verib.
Bu ilin 25 yanvar tarixində isə yaşadığı evə Nərimanov rayon 17-ci polis şöbəsinin əməkdaşları gəlib və onu polis şöbəsinə dəvət ediblər. Polis şöbəsində Bakı Patalogiya Mərkəzində baş vermiş oğurluq hadisə ilə bağlı dindirilərkən törətdiyi əməli etiraf edib. O, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam olaraq ödənildiyini, əməlindən peşman olduğunu bildirib.
Qulam da onun polis tərəfindən axtarıldığını öyrəndikdən sonra özü hüquq-mühafizə orqanlarına könüllü təslim olub və payına düşən 10 min manatı geri qaytarıb.
Qeyd edək ki, məhkəmənin qərarına əsasən, Burxan Əliyev 5 il 2 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası şərti hesab olunmaqla 3 il sınaq müddəti verilib. Burxanın tanışı Qulam Məmmədovun isə 4 il 11 ay 28 günlük həbs cəzası şərti hesab edilib və ona da 3 il sınaq müddəti təyin olunub.