“Ümumiyyətlə, insanların məşğuliyyəti, həyata baxışı onların qədərlərini təyin edər. Əgər bu gün insanlar daha çox sosial şəbəkədə vaxt keçirirsə, öz inkişafına, xoşbəxtliyinə, gələcəyinə daha az zaman ayırırsa, bu o deməkdir ki, insan öz həyatına dırnağarası baxır. Sosial şəbəkədə yayılan qətl və cəza videolarını insan alt şüurunda əzbərinə çevirir”
Bunu Məcra.az-a açıqlamasında psixoloq Zeynəb Eyyubova son zamanlar baş verən qətl hadisələri haqda danışarkən deyib. Psixoloq daha sonra bunları deyib:
“Aqressiyaya zəmin yaradacaq hər hansı bir hadisə baş verəndə ilk növbətə alt süurundan şiddət və yaxud pis rəftar önə çıxır. İlk aqressiyada insanlar danışmaq yerinə, bu tip hərəkətlər edirlər. Bunu sosiallaşdırmağın özü də bir reklam xarakteri daşıyır. Nə qədər çox ölüm və öldürülmə halları sosial şəbəkədə paylaşılacaqsa, bu, insanlar üçün adiləşəcək. Ona görə də hamımızdan istəyimiz budur ki, maariflənmə getsin, insanlar əlləriylə deyil, dilləriylə bir-biriylə münasibət qursunlar. Artıq ünsiyyət deyilən bir faktordan istifadə etsinlər və yeri gəldikcə, insanlar əzbərlərini dəyişsinlər. Əgər bir insanın hirsini idarə etməsində problemi varsa, mütləq şəkildə psixoloqdan yardım alsın. İndiyənə qədər qətl hadisəsi törətmiş şəxslər çox sakit, sıradan bir insan olmayıblar. Onların həyatına baxdıqda hirsini idarəetmə problemi olduğunu görürük”-deyə o bildirib.
Vasif Əlihüseyn