Ucar rayon Mərkəzi Xəstəxanasının qarşısında intihara cəhd hadisəsi olub.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumata görə, rayon sakini Oqtay Ələkbərov xəstəxananın baş həkimi Zeynal Bayramlının ondan 3500 manat rüşvət aldığını və oğlunu işə götürdüyünü bildirib. Onun sözlərinə görə, lakin baş həkim sonradan oğlunun vəzifəsini dəyişib. O. Ələkbərov oğlunun əvvəlki işinə bərpa olunmasını və ondan alınan 3500 manat rüşvətin geri qaytarılmasını tələb edərək, xəstəxana önündə özünü yandırmağa cəhd edib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Lent.az-a bildirib ki, dekabrın 10-da Ucar rayon sakini O.Ələkbərov Ucar rayon Mərkəzi Xəstəxanasının qarşısında üzləşdiyi problemlə bağlı özünü yandırmağa cəhd edib.
“Onun bu cəhdinin qarşısı həmin ərazidə xidmət aparan Ucar rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən alınıb və vətəndaş polis şöbəsinə gətirilərək problemləri dinlənilib.
O.Ələkbərovu narahat edən məsələ ilə bağlı RPŞ-in Təhqiqat Bölməsində ilkin araşdırmalar aparılıb və toplanmış materiallar aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib”.