Buzovnada üç nəfəri öldürməkdə şübhəli bilinən şəxs tutulub – YENİLƏNİB

Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində üç nəfəri öldürməkdə şübhəli bilinən şəxs tutulub.

“Report”un əldə etdiyi məlumata görə, bu, ailənin keçmiş kürəkəni Nofəl Səfərovdur.

Daxili İşlər Nazirliyi və Baş prokurorluğun birgə yaydığı məlumatda isə bildirilib ki, polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin açılması təmin edilib:

“Belə ki, noyabrın 29-da saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) madələri ilə cinayət işi başlanılıb.

Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir”.

15.39

Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində əri və oğlu qətlə yetirilərkən yaralanan 1945-ci il təvəllüdlü Şahirə Muradova xəstəxanada ölüb.

“Report”un əldə etdiyi məlumata görə, o, müalicə aldığı tibb müəssisəində dünyasını dəyişib.

Bununla da evə basqında ölənlərin sayı 3-ə çatıb.

Faktı Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a təsdiqləyib.

Qeyd edək ki, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri – 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun, xəsarət alan daha bir nəfər, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Yaralılardan daha bir nəfər – 1971-ci il təvəllüdlü Rahil Muradov tibbi müdaxilələrə baxmayaraq xəstəxanada ölüb.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

PAGE TOP