Birlikdən güc alan gələcək
Yeni il hər bir insan üçün yeni ümidlərin, yeni məqsədlərin və yeni başlanğıcların rəmzidir. Geridə qalan bir ilin təcrübəsi ilə qarşıdakı dövrə daha inamla addımlamaq, həm şəxsi, həm də ictimai həyatımızda inkişaf üçün mühüm fürsət yaradır. Azərbaycan xalqı üçün isə Yeni il təkcə təqvim dəyişikliyi deyil, eyni zamanda milli birlik və həmrəylik duyğularının daha da gücləndiyi xüsusi bir zaman kəsiyidir. Müasir dünyada qloballaşma proseslərinin sürətlənməsi, milli kimliklərin qorunması və xalqların öz tarixi kökləri ətrafında birləşməsi mühüm strateji əhəmiyyət kəsb edir. Bu baxımdan milli həmrəylik və ideoloji birlik anlayışları hər bir xalqın mövcudluğu və gələcək inkişafı üçün əsas sütunlardan biridir. Azərbaycan xalqı da tarix boyu bu dəyərlərə sadiqliyi, milli birliyi və vətənpərvərlik ruhu ilə seçilmişdir. Məhz bu mənəvi-siyasi reallığın parlaq təzahürü kimi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu gün təkcə təqvim bayramı deyil, milli şüurun, ümumdünya azərbaycanlılarının birlik idealının rəmzinə çevrilmişdir.
Milli birliyin və bərabərliyin simvoluna çevrilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünya azərbaycanlılarının həmrəyliyini, onların təşkilatlanması və vahid məqsədlər ətrafında səfərbərliyini özündə ehtiva edir. Bu ideyanı daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə, milli ideologiyanın formalaşmasına və ümummilli şüurun möhkəmlənməsinə nail olmuşdur. Ümummilli Liderin müəyyən etdiyi bu strateji xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Xarici ölkələrə səfərləri zamanı ölkə başçısının mütəmadi olaraq diaspor nümayəndələri ilə görüşləri, onların fəaliyyəti ilə yaxından maraqlanması və verdiyi siyasi-mənəvi dəstək Azərbaycan diasporunun beynəlxalq müstəvidə daha güclü və təsirli mövqeyə malik olmasını təmin etmişdir. Dövlət başçısı xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm və prioritet istiqamətlərindən birinə çevirmişdir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət və Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirən əlamətdar gündür. Bu bayram artıq Azərbaycan diasporu üçün ən mühüm və mənəvi baxımdan birləşdirici bayrama çevrilmişdir. Xüsusilə Vətən müharibəsi dövründə və sonrasında dünya azərbaycanlılarının nümayiş etdirdiyi həmrəylik bu günün mahiyyətini daha da dərinləşdirmişdir. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının sarsılmaz birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, sosial statusundan, vəzifəsindən və yaşadığı ölkədən asılı olmayaraq hər bir azərbaycanlı milli həmrəylik nümunəsi göstərdi. Bu, Dünya Azərbaycanlılarının Həmrəyliyinin real və tarixi təcəssümü oldu. Xalqı birləşdirən bu Qələbə milli ruhun, həmrəyliyin və dövlət-xalq birliyinin nəticəsi kimi tarixə qızıl hərflərlə yazıldı.
Bu gün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız keçmişin xatirəsi deyil, həm də gələcəyə yönəlmiş strateji baxışdır. Bu bayram azərbaycanlıların harada yaşamasından asılı olmayaraq eyni milli kimliyə, eyni tarixə, eyni dövlətə və eyni ideallara bağlılığını ifadə edir. Azərbaycan xalqının birliyi, gücü və həmrəyliyi bundan sonra da dövlətimizin daha da qüdrətlənməsinin, milli maraqlarımızın qlobal miqyasda qorunmasının əsas təminatı olacaqdır.
Samir Hüseynov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı





























