Bu gün Vətən müharibəsi şəhidi Eminov Tacir İntiqam oğlunun doğum günündə bir qrup rayon ziyalısı tərəfindən ailəsi və məzarı ziyarət edilib. Ziyarət zamanı şəhidin keçdiyi şərəfli yoldan söhbət açılıb.
Mecra.az xəbər verir ki, Tacir Eminov 2001-ci il dekabrın 31-də Cəlilabad rayonunun Sadatlı kəndində anadan olub. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Tacir Eminov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacir Eminov oktyabrın 6-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunun Sadatlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Eminov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Allah cəmi şəhidlərimizi rəhmət eləsin!
Vasif ƏLİHÜSEYN






























