Hər bir xalqın əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtdir. Güclü, qətiyyətli, vətənpərvər və müdrik liderə malik olmayan xalq hətta real imkanlar daxilində belə öz müstəqilliyinə qovuşa bilmir. Bu baxımdan həm klassik liderlik konsepsiyası, həm də müasir liderə münasibətdə irəli sürülən və ya təbii olaraq meydana çıxan tələblər prizmasından yanaşmaqla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əsl liderin bütün cizgilərini özünün mənəvi və siyasi simasında təcəssüm etdirdiyini asanlıqla görmək olar. Prezident İlham Əliyevin siyasi portretinin ən səciyyəvi xüsusiyyəti öz ifadəsini Onun vətənpərvər və qurucu Lider olmasında tapır. İyirmi iki il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə ilk dəfə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqlədi. Yeni əsrin yeni Lideri İlham Əliyev bu illər ərzində Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin fəaliyyətinə nəzər saldıqda görürük ki, zəngin bir həyat yolu keçib. Ötən illər göstərdi ki, cənab Prezident qurucu, birləşdirici, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. Prezident İlham Əliyev praqmatik və çevik siyasəti, sistemli və ardıcıl yanaşması, inqilabi səciyyə daşıyan islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirib, zamanın hər bir çağırışına anında cavab verib. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib.
Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müasir müstəqil Azərbaycanın devizinə çevrilib. Bu gün Azərbaycanda güclü dövlət idarəçiliyi mövcuddur. Müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Prezident İlham Əliyevin yürütdüyi müdrik və uzaqgörən siyasəti qısa müddətdə Azərbaycanı dünya birliyinin sayılıb-seçilən üzvünə, beynəlxalq tədbirlərin, qloballaşan dünyanın problemlərinin çözüldüyü məkana çevirdi. İnkişafın Azərbaycan modeli, multikulturalizm modelimiz dünyanın diqqətini özünə çəkdi, bir çox ölkədə öyrənilməyə başlandı və örnəyə çevrildi. Azərbaycan kosmik dövlətlər ailəsinə daxil oldu, müasir, modern dövlətə çevrildi. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gördüyü möhtəşəm işləri eyni qətiyyət və prinsipiallıqla davam etdirərək Azərbaycanın iqtisadi, siyasi, hərbi qüdrətini, nüfuzunu daim artırır, xalqın güzəranını və rifahını dönmədən yüksəldir.
Beş ildir ki, postmüharibə dövrünü yaşayırıq və bu dövrün də öz hədəfləri var. Fəxrlə deyə bilərik ki, postmüharibə dövrünün gündəliyini Azərbaycan Lideri diktə edir. Beynəlxalq güclər, dünyanın böyük dövlətləri regionda yaranmış yeni reallıqları qəbul edir, onunla hesablaşırlar. Prezidentimizin cəsarətli, təmkinli addımları, taleyüklü məqamlarda nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq bizi qələbədən qələbəyə aparır. Azərbaycan dövlətinin gücü sayəsində azad olunmuş yerlərə həyat yenidən qayıdır. Prezident İlham Əliyev müharibədə olduğu kimi, quruculuq işində də sonsuz qətiyyət və əzmkarlıq nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. İndiyədək yüzlərlə ailə doğma yurda qayıdıb. Beləliklə, Prezident İlham Əliyev Ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi.
Anar Babayev,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı





























