Noyabrın 3-ü Biləsuvar rayonunda qan təzyiqindən öldüyü bildirilən qadının əslində qətlə yetirildiyi məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.
Belə ki, ilkin informasiyaya görə, həmin gün kənd sakini 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın beyindaxili təzyiqdən öldüyü bildirilərək dəfn olunub. Lakin polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə A. Cəfərovanın boğularaq öldürüldüyü müəyyən edilib.
Hadisəni törətməkdə şübhəli bilinən mərhumun gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və onun qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis tərəfindən saxlanılıblar. Onlar aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Biləsuvarda gəlini tərəfindən qətlə yetirilən qadınla bağlı təfərrüatlar məlum olub.
“Qafqazinfo” xəbər verir ki, 4 oğlu və 2 qızı olan mərhum Almaz Cəfərova uzun müddətdir tənha yaşayırmış.
Onun oğlan övladlarının Rusiya Federasiyasında olduğu bildirilir. Bir müddət əvvəl isə gəlini Gülbəniz Həsənzadə Rusiyadan gələrək mərhumla eyni evdə qalmağa başlayıb.
Yaxınlarının sözlərinə görə, Almaz Cəfərova tək yaşadığı üçün evdə təhlükəsizlik kameraları quraşdırılıb. Hadisədən təxminən 40 gün sonra yaxınları kamera görüntülərinə baxarkən ahıl qadının qətlə yetirildiyini müəyyən ediblər.





























