İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatmaqla çoxəsrlik tariximizin heç zaman unudulmayacaq səhifəsini yazdı. Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr birgə Bəyanatında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Ağdam və Laçın rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etmələri öz əksini tapdı. Kəlbəcər rayonu 27 ildən sonra nəhayət işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illərdi ki, səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin bir güllə atılmadan, bir şəhid verilmədən azad edilməsini təmin etdi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisi idi. Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Beləliklə, Azərbaycan 30 ilə yaxın erməni işğalı altında qalan tarixi torpaqlarını öz gücü və əzmi ilə azad etdi. Noyabrın 25-i şanlı Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu. Kəlbəcərin düşmən tapdağından azad olunması ilə bağlı Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bəyan etdi ki, biz öz ərazilərimizi işğaldan azad etməklə həm də erməni faşizmini məhv etdik. Regionda işğal siyasəti başda olmaqla ekoloji və mədəni terrora da son qoyuldu. Çünki düşmən Kəlbəcər də daxil olmaqla bizim digər tarixi torpaqlarımızda günahsız insanları öz dədə-baba yurdundan vəhşicəsinə qovmaqla yanaşı, bu ərazilərdəki tarixi abidələrə və təbiətə də böyük ziyan vurmuşdur.
Kəlbəcərə təcavüz erməni barbarlığının və vandalizminin təzahürüdür. Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Buradan qaçmağa məcbur olan qeyri-qanuni sakinlərin rüsvayçı hərəkətləri və barbar davranışları bir daha kim olduqlarını dünyaya göstərdi. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuran ermənilər öz vəhşi, dağıdıcı xislətlərini nümayiş etdirdilər. İşğal olunmuş bütün ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalarla təsdiq olunan hərbi cinayətdır. Buna cavab veriləcəyi heç şübhəsizdir. Əslində Kəlbəcərin və digər işğal altında olan ərazilərimizin azad olunması ilə Qafqaz Albaniyasına aid olan tarixi abidələrimizin, kilsələrimizin bizim tarixi-mədəni sərvətimiz kimi qorunmasını təmin edirik. Onların vandalizmə məruz qalmasının qarşısını almış oluruq. Azərbaycan Prezidenti İlham Əliyev həmin məscidlərin biri olan Ağdam məscidini ziyarət etmiş, məscidin dağıdılmış vəziyyətini canlı olaraq dünyaya nümayiş etdirmişdir. Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda həm də turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq. Ermənistan tərəfi beynəlxalq hüququn tələblərinə uyğun olaraq vurulmuş ziyanın ödəməyə məcbur ediləcək. Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Bu işlər nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır. Bu gün işğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır.
Mehparə Mansırova,
Pirallahı rayonu, 243 nömrəli tam orta məktəbin direktoru





























