Kəlbəcərin işğaldan azad olunması Azərbaycan dövlətçiliyinin müasir tarixində önəmli dönüş nöqtələrindən biridir. 25 noyabr 2020-ci il tarixi yalnız 27 illik həsrətin bitməsi deyil, həm də ölkəmizin siyasi iradəsinin, ordumuzun gücünün və xalqımızın birliyinin təntənəsi kimi yadda qaldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, qısa müddətdə əldə olunan hərbi-strateji üstünlüklər və diplomatik müdriklik Kəlbəcərin bir güllə belə atılmadan Azərbaycana qaytarılmasına şərait yaratdı. Bu hadisə həm döyüş meydanında, həm də beynəlxalq siyasi müstəvidə Azərbaycanın qazandığı tarixi uğurun bariz nümunəsi oldu.
Kəlbəcərin azad olunması təkcə coğrafi ərazinin deyil, strateji yüksəkliklərin də nəzarətə götürülməsi demək idi. Bu bölgədə yerləşən dağ silsilələri və kommunikasiya xətləri müharibənin gedişatında həlledici rol oynamışdı. Ermənistan ordusunun illər boyu möhkəmləndirdiyi mövqelər bu ərazidə cəmləşmiş, müharibənin taleyinə təsir edən bir çox strateji nöqtələr məhz Kəlbəcərdə yerləşmişdi. Bütün bunlara rəğmən, Ermənistan tərəfi bölgəni tərk edərkən mülki infrastrukturu yandırması, meşələri məhv etməsi və ərazilərə zərər vurması erməni barbarlığının növbəti sübutu kimi beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verdi. Bu tarixi qayıdışın fonunda mənim orada müddətli həqiqi hərbi xidmətdə keçirdiyim günlər xüsusi bir mənəvi dəyər daşıyır. Xidmət etdiyim n saylı hərbi hissənin ən ağır və çətin relyefə malik postlarından birində gecə-gündüz ayıq-sayıq durmaq təkcə fiziki dözümlülük deyil, həm də yüksək ruh, məsuliyyət və Vətən sevgisi tələb edirdi.
Qarlı zirvələr, sıfırın altında temperatur, sərt küləklər və bəzən sadəcə bir insanın iradəsi ilə ayaqda qalan yüksəkliklər — bütün bunlar bizim üçün yalnız xidmət yeri deyil, həm də şərəf borcu idi. Hər bir növbə, hər bir post dəyişikliyi, hər baxışımızda gördüyümüz ucsuz-bucaqsız dağlar bizə bu torpaqlar uğrunda canından keçənlərin ruhunu xatırladırdı. Kəlbəcərin sərt təbiəti, çətin iqlimi, strateji əhəmiyyətə malik dağlıq relyefi hər bir əsgərin həm fiziki, həm də mənəvi hazırlığını daha da möhkəmləndirirdi. Azərbaycan əsgəri olaraq o günlərdə yaşadığım təcrübə mənim üçün təkcə hərbi xidmət yox, həm də vətənə bağlılığın, dövlətə sədaqətin əyani dərsi oldu. Kəlbəcərin azad olunması ilə bağlı məramımız, dövlətimizin əzmi və ordumuzun yenilməzliyi bir daha təsdiq etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək əzmindən heç vaxt dönməyib.
Bu qələbənin bir hissəsi olmaq, həmin torpağın sərt, amma qürur dolu havasını xidmət zamanı duymaq mənim həyatımda unudulmaz bir səhifə olaraq qalacaq. Bu gün Kəlbəcər yenidən qurulur, ərazilər bərpa olunur, yollar, infrastruktur, enerji layihələri həyata keçirilir. Postmüharibə dövründə Azərbaycanın gücünü və dinc quruculuq prosesinə verdiyi önəmi göstərən ən parlaq nümunələrdən biridir. Dövlətin iradəsi, ordunun şücaəti və xalqın birliyi nəticəsində əldə olunan bu tarixi qələbə gələcək nəsillərə örnək olacaq.
Müəllif: Mirsəlim Təhməzov





























