Gizir və miçmanlar üçün həqiqi hərbi xidmətdə olmanın müddəti artırılıb.
Mecra.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Hazırda “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun müvafiq olaraq, qüvvədə olan 12-ci maddəsinin “q” bəndinə və 38.1.4-cü maddəsinin tələblərinə əsasən, bütün gizir və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmanın müddəti 5 il müəyyən edilib.
Dəyişikliyə əsasən, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrində, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrində təhsil almış hərbi qulluqçuların ixtisaslaşmış peşəkar kadr olduğunu nəzərə alaraq onların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha uzun müddət istifadə olunması məqsədilə Layihədə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrini bitirmiş gizir və miçmanların dinc dövrdə həqiqi hərbi xidmətdə olma müddəti 10 il olacaq.
Adıçəkilən qanunların müvafiq olaraq, 175-ci və 45.2-ci maddələrində ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışlarına çağırılması müddətləri nəzərdə tutulur.
Dəyişikliyə əsasən, birinci dərəcəli ehtiyatda olanlar hərbi vəzifəlilərin hər dəfə 1 ayadək müddətə on dəfəyədək hərbi təlim toplanışlarına çağırılması nəzərdə tutulur. Bununla yanaşı, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hər dəfə 2 ayadək müddətə beş dəfəyədək hərbi təlim toplanışlarına çağırılacaq.





























