İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ümumilikdə müstəqilliyimizin bərpasından, xüsusilə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunu tutan Azərbaycanın qeyd olunan istiqamətlərdə atdığı addımlar, malik olduğu təcrübə beynəlxalq səviyyədə təqdir edilir. İnsan amilinə dəyər daim müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bugünümüzə, gələcəyimizə hesablanmış siyasətinin əsasını təşkil etmişdir. Bu cür humanist ənənənin davamı o deməkdir ki, demokratik inkişafın əsas istiqamət kimi diqqətdə saxlanıldığı bugünkü Azərbaycanda vətəndaşların hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur. Multikultural və tolerant dövlət kimi humanizm siyasəti beynəlxalq aləmdə dəstəklənən, təbliğ edilən Azərbaycanda vətəndaşlara göstərilən xüsusi diqqət və qayğı bir daha təsdiqləyir ki, ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi, hüquqi islahatların, qəbul olunan qərarların əsasını humanist prinsiplər təşkil edir. Bu baxımdan azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı Prezident sərəncamlarının imzalanması, eləcə də Amnistiya aktlarının qəbul olunması xüsusi əhəmiyyətə malikdir.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən bu siyasətin və humanizmə sadiqlik ənənələrinin əsas məqsədi insanpərvərlik dəyərlərinə böyük önəm vermək, sağlam cəmiyyət formalaşdırmaqdır. İmzalanan əfv sərəncamları, qəbul edilən amnistiya aktları törətdikləri müxtəlif cinayətlərə görə azadlıqdan məhrum edilmiş məhkumların cəmiyyət üçün yararlı vətəndaşa çevrilmələri naminə yaradılmış imkanların ən ümdəsidir. Humanizm prinsiplərinə söykənən bu addımların cəmiyyət tərəfindən yüksək dəyərləndirilməsi ölkəmizdə söz azadlığının, plüralizmin, dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq Konstitusiyamızda bütün vətəndaşlara qarşı eyni münasibətin, dəyərin ifadəsidir. Prezident İlham Əliyevin təklifi əsasında Amnistiya aktının şamil ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq.
Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qalib, bütövləşən Azərbaycanın vətəndaşı olmasından qürur hissi keçirir. Azərbaycan dünya miqyasında siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır, nüfuz qazanır. Yeniləşmə, təkmilləşmə, zamanın tələblərinə uyğun islahatlar dayanıqlı inkişafın əsasıdır. Günümüzün reallıqları bir daha təsdiqləyir ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır. Beləliklə, “Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürülmüş amnistiya təşəbbüsü hüquqi dövlət quruculuğunun yeni mərhələsini ifadə etməklə yanaşı, milli barış, ictimai etimad və dövlət–vətəndaş münasibətlərinin möhkəmləndirilməsi baxımından dərin siyasi məna daşıyır. Bu təşəbbüs göstərir ki, müstəqil Azərbaycan hüquq, ədalət və insan mərkəzli siyasət prinsiplərini öz suveren inkişaf yolunun ayrılmaz tərkib hissəsi kimi qəbul edir və gələcək mərhələdə də bu xəttə sadiq qalacaq.
Tural Cəfərov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı





























