Cəlilabadın Şiləvənkə kəndində 44 günlük Vətən müharibəsi şəhidi Kənan İbrahimlinin doğulub boya-başa çatdığı ata evində toy mərasimi keçirilib.
Mecra.az xəbər verir ki, şəhid Kənan İbrahimlinin qardaşı, Vətən müharibəsi iştirakçısı Ayxan İbrahimov ailə həyatı qurub.
Toy məclisində Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, müharibə iştirakçısı Fizuli Cəfərov, Şiləvənkə kənd icra nümayəndəsi, Vətən müharibəsi iştirakçısı Simran Əlizadə, şəhid ailələri, müharibə iştirakçıları və qohumlar iştirak ediblər.
Qeyd edək ki, Kənan İbrahimli 44 günlük Vətən müharibəsində qardaşı Ayxan İbrahimovla birlikdə döyüşlərdə iştirak edib. Kənan noyabrın 20-də Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid Kənan İbrahimli ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
Şəhidimizin qardaşını ailə qurması münasibəti ilə biz də redaksiyamız adından təbrik edirik.
Toy mərasimindən fotoları təqdim edirik:
Vasif ƏLİHÜSEYN


Fotoda şəhid Kənan İbrahimlidir.

Fotoda toyu olan Ayxan İbrahimovdur.






























