28 noyabr 2025-ci il tarixdə Cəlilabad Rayon Polis Şöbəsinin və Cəlilabad rayonu üzrə təhsil sektorunun rəhbərlərinin iştirakı ilə Cəlilabad rayonu Sərhədabad kənd tam orta ümumtəhsil məktəbində “Narkomaniya və erkən nikahlara yox deyək” mövzusunda görüş keçirilib.
Mecra.az xəbər verir ki, görüşdə məktəbin şagirdləri, valideyn və müəllimlər iştirak edib. Cəlilabad RPŞ-nin rəisi polis polkovniki Polad Qarayev dövrümüzdə çox böyük təhlükəyə çevrilərək dünyanı təhdid edən narkomaniyanın vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Narkotik vasitə istifadəçilərinin əhatəsində olan insanlara da ciddi təhlükələr yaratdığını qeyd edərək bu fəlakətlə mübarizə istiqamətində görülən işlər haqqında geniş məlumat verib. Şöbə rəisi çıxışında həmçinin erkən nikah hallarına da toxunub.


Qeyd olunub ki, bu neqativ hallar gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin digər risklər də yaradır. Erkən nikahlar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Görüş zamanı şagirdləri maraqlandıran suallar Cəlilabad Rayon Polis Şöbəsinin rəisi Polad Qarayev tərəfindən cavablandırılaraq, müzakirə və təkliflərlə davam edib.
Vasif ƏLİHÜSEYN

































