Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Cəlilabad şəhərində aparılan abadlıq və yenidənqurma işləri ilə yerində tanış olub.
Mecra.az xəbər verir ki, rayon rəhbəri Heydər Əliyev prospektində yol kənarına yeni düzülmüş bardurların vəziyyətinə baxış keçirib, görülən işlərin keyfiyyəti və mövcud vəziyyətlə maraqlanıb. Qeyd olunub ki, bu cür tədbirlər şəhərin ümumi görünüşünün yaxşılaşdırılması, yol infrastruktunun daha səliqəli və təhlükəsiz hala gətirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Daha sonra İlqar Zeynalov küçəsi və Zərifə Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binalarının həyətində aparılan abadlıq işlərinə baxış keçirilib. Binaların həyətinin səliqəyə salınması, yaşıllıq sahələrinin bərpası, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün yeni salınan parkda söhbətgahlar, müxtəlif növ uşaq oyun elementləri, idman qurğuları, futbol meydançasının tikintisi və istirahət məkanlarının yaxşılaşdırılması istiqamətində görülən işlər müsbət qiymətləndirilib.

Eyni zamanda binaların bloklarında həyata keçirilən pilləkanların təmiri işlərinin sakinlərin gündəlik rahatlığı və təhlükəsizliyi üçün vacib olduğu vurğulanıb. Rayon icra hakimiyyətinin başçısı görülən işlərin vaxtında, keyfiyyətlə və müəyyən edilmiş layihələrə uyğun aparılmasının zəruriliyini qeyd edib, müvafiq sahələr üzrə məsul şəxslərə nəzarətin gücləndirilməsi və abadlıq işlərinin mərhələli şəkildə davam etdirilməsi ilə bağlı tapşırıqlar verib. Bildirilib ki, şəhər ərazisində aparılan bu cür tədbirlər əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına və Cəlilabadın daha abad, müasir görkəm almasına xidmət edir.
Vasif ƏLİHÜSEYN



































