22.12.2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Tarix yazan lider: Müasir dövlətçilik fenomeni” mövzusunda elmi-praktik konfrans keçirilib.
Mecra.az xəbər verir ki, Pirallahı Gənclər Evində təşkil olunan konfransda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, eləcə də rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektiv üzvləri iştirak edib.
Tədbirdən öncə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov və qonaqlar Rayon İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində yerləşən Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, büstün önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Daha sonra konfransın rəsmi hissəsinə keçid edilib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov Prezident İlham Əliyevin çoxillik fəaliyyəti dövrünə nəzər salıb, bu müddət ərzində həyata keçirilən düşünülmüş, məqsədyönlü və ardıcıl xarici siyasət kursundan ətraflı bəhs edib. O bildirib ki, milli maraqlara əsaslanan, praqmatik və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı, proqnozlaşdırılan və nüfuzlu strateji tərəfdaş imici qazanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycan 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, beynəlxalq hüquqa əsaslanan mövqeyi dünya ictimaiyyətinə çatdırıb və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyıb. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019–2023-cü illərdə sədrlik etməsi ölkəmizin beynəlxalq nüfuzunun, siyasi çəkisinin və diplomatik imkanlarının əhəmiyyətli dərəcədə artdığını nümayiş etdirib. Çıxışda vurğulanıb ki, Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi strateji enerji layihələri reallaşdırılıb, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Eyni zamanda qeyd edilib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının və Türk Dövlətləri Təşkilatının ən fəal və nüfuzlu üzvlərindən biri kimi çıxış edib, multikulturalizm, beynəlxalq dialoq və əməkdaşlıq təşəbbüsləri ilə tanınıb, Avropa Birliyi və NATO ilə tərəfdaşlıq münasibətlərini qarşılıqlı etimad əsasında inkişaf etdirib.
İqtisad elmləri doktoru, professor Rüfət Quliyev çıxışında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatında mühüm irəliləyişlər əldə edilib, genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib, əhalinin sosial rifah səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq arenada mövqeyini möhkəmləndirib, ərazi bütövlüyünü bərpa edib və 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə ilə dünyaya öz gücünü nümayiş etdirib. Qeyd olunub ki, ölkəmizin enerji sahəsində müstəqilliyinin təmin edilməsi və strateji layihələrdə fəal iştirakı da Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olub. Onun rəhbərliyi ilə Azərbaycan regional və qlobal səviyyədə etibarlı tərəfdaş kimi tanınıb, müxtəlif diplomatik və iqtisadi təşəbbüslərlə beynəlxalq aləmdə söz sahibinə çevrilib. Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycanın daha güclü, daha sabit və müasir dövlətə çevrilməsi yolunda atılan ardıcıl və müdrik addımlarla səciyyələnib.
Tədbirin yekununda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov konfransın Prezident İlham Əliyevin doğum günü ərəfəsində keçirilməsindən məmnunluğunu ifadə edib və dövlət başçısının müasir Azərbaycan tarixində həqiqətən də tarix yazan lider kimi xüsusi yer tutduğunu vurğulayıb. O bildirib ki, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz siyasi, iqtisadi və hərbi sahələrdə misilsiz nailiyyətlər əldə edib. Ardıcıl və məqsədyönlü siyasi kurs nəticəsində sürətli və dayanıqlı inkişaf təmin edilib, güclü iqtisadi potensial formalaşdırılıb, müasir cəmiyyət quruculuğu sürətləndirilib, vətəndaşların rifahı yüksəlib, təhlükəsizlik və müasir ordu quruculuğu sahəsində mühüm nəticələr əldə olunub. Çıxışda xüsusi vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə Prezident İlham Əliyevin Ali Baş Komandan kimi uzaqgörən siyasi iradəsinin, qətiyyətli liderliyinin və illər ərzində həyata keçirilən sistemli ordu quruculuğu siyasətinin məntiqi nəticəsi olub.






























