Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi təşəbbüsü Azərbaycan dövlətçiliyinin dayanıqlı inkişafını təmin edən hüquqi-siyasi ənənələrin məntiqi davamıdır. Müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası ilə mümkün olmuş, onun rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmışdır.
Amnistiya haqqında sənəd də göstərir ki, qanun pozuntusu törətmiş şəxslər mövcuddur, lakin müəyyən kateqoriyadan olan vətəndaşların vaxtından əvvəl amnistiyaya düşməsi təşəbbüsü ilə cənab Prezident bir daha böyük humanist jest nümayiş etdirir. Bu, həmin şəxslərin sosial-iqtisadi baxımdan cəmiyyətə reinteqrasiyasını təmin edir və sağlamlaşma mühitinin formalaşmasına xidmət edir.
Müstəqillik dövründə Azərbaycan parlamenti bir neçə dəfə amnistiya aktı qəbul edib. Hər amnistiya da fərqli səbəblərlə bağlı qəbul edilib, əsasən dövlət bayramları, mühüm tarixi hadisələr və ya ölkədəki vəziyyətlə əlaqədar olub. Onların arasında 1993, 1998, 2003, 2010, 2016 və 2021-ci illərdəki amnistiya aktlarını qeyd etmək olar. Bu amnistiyalar cinayətkarların cəzalarının yüngülləşdirilməsi və ya həbsxanalardan azad edilməsi məqsədilə tətbiq edilib.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə təqdim olunan növbəti Amnistiya aktı ölkənin hüquq tarixində miqyasına görə ən geniş sənədlərdən biri kimi qiymətləndirilir. İlkin proqnozlara əsasən, bu akt 20 mindən artıq şəxsi əhatə edəcək, minlərlə məhkumun azadlığa buraxılmasına, cəzalarının azaldılmasına və ya cinayət məsuliyyətindən azad olunmasına imkan yaradacaq. Bu təşəbbüs dövlətin insan hüquqlarına, cəzanın islahedici mahiyyətinə və cəmiyyətə reinteqrasiya prinsipinə verdiyi önəmin bariz nümunəsidir.
Hesab edirəm ki, daxili siyasi baxımdan bu addım ictimai konsolidasiyanı gücləndirir. Hakimiyyət bu qərarla bir daha nümayiş etdirir ki, dövlət yalnız cəza mexanizmi deyil, eyni zamanda sosial reinteqrasiya və ikinci şans institutudur.
Məmmədzadə Əliyev,
Cəlilabad Rayon İcra Hakimiyyəti
başçısı aparatının Hüquq şöbəsinin müdiri





























