“Heç bir ölkədə Azərbaycandakı qədər avtoyuma məntəqələri yoxdur. Bizdə avtoyuma məntəqələri həddən artıq çoxdur. Hətta qonşu MDB ölkələrindən iyirmi dəfə artıqdır. Başqa ölkələrdə çoxlu avtoyuma məntəqələri tikməklə avtomobilləri yox, küçələri təmiz saxlayırlar. Mən dəfələrlə “Azərsu” ASC-də ictimai şuranın üzvü olaraq məsələ qaldırmışam ki, avtoyuma məntəqələrinin monitorinqi aparılmalıdır, onların israf etdiyi suyun qarşınısı almaq lazımdır”
Bunu Məcra.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov avtoyuma məntəqələrinin fəaliyyəti haqda danışarkən deyib. Ekspert avtoyuma məntəqələrində monitorinq aparılmasının vacibliyini vurğulayıb:
“Elə bir iş aparmaq lazımdır ki, avtoyuma məntəqələri ya yağış, ya da dövr edən sudan istifadə etsinlər. Yəni içməli suyla maşın yuduzdurmaq böyük nadanlıq əlamətidir və təsadüfi deyil ki, mən 6 il öncə Dünya Su Konqresində olmuşam və ondan sonra avtomobilimi avtoyuma məntəqəsində yuduzdurmuram. Sadəcə olaraq bir vedrə suyla özüm avtomobilimi yuyuram. Yəni avtoyuma məntəqələri Azərbaycanda mütləq azaldılmalı, sıfra doğru endirilməlidir, ya da əvvəldə qeyd etdiyim sularla fəaliyyət göstərməlidir.
O ki, qaldı 50 qəpiklik moykalara və onu deyə bilərəm ki, onların fəaliyyəti ilə bağlı hələ ki, bizdə elə bir məlumat yoxdur. Lakin şampon azaldıqca, su çoxalmalıdır ki, avtomobil təmiz yuyulsun. Buna isə görünür çoxlu su israf etməklə nail olurlar və heç də doğru bir şey deyil ki, pulumu verirəm və nə qədər istəyirəm o qədər su işlədirəm. Su dünya üçün gələcəyin böyük problemidir. Elə bir iş aparmaq lazımdır ki, Azərbaycanda avtoyuma məntəqələri ləğv edilsin. Təəssüflər olsun ki, “Azərsu” ASC mənim bu təklifimə dəstək verməyib və heç ictimai şura da bu işi dərindən qavraya bilməyib”-deyə qurum sədri bildirib.
Vasif Əlihüseyn