Big Bang nəzəriyyəsinə görə kainatın mövcud başlanğıcı böyük partlayışdan var olmuşdur. Sim nəzəriyyəsinə görə isə Böyük Partlayış kainatın bir modeldən Böyük Çat səbəbi ilə başqa modelə keçməsi prosesidir.
Kinfutsi deyirdi:
“Kiçik bir toxum sakitcə böyüyür. Ancaq böyük bir ağac gurultu ilə yıxılır. Yıxılmanın, dağılmanın bir səsi var, ancaq yaradılış səssizdir.”
Demək Böyük Partlayış ilk yaradılış ola bilməz. Çünki bütün yaradılışlar səssizdir. Və kainatın genişlənməsi məlumdur, bunu Quran da təsdiq edir. Partlayış əvvəlki kainat modelinin sonu, bəlkə də Qiyamətidir. Hazırki yeni kainatın yaranışı Böyük Partlayış zamanına təvafüq etdiyi üçün məlum partlayışın indiki kainatın əvvəli olduğu güman edilib. Ancaq partlayış bu kainatın əvvəli yox, əvvəlkinin sonu olub.
Hebelə kainatın durmadan genişlənməsi yeni yaranan ulduz, səma cisimləri deməkdir. Xaotik və təsadüfi yaransaydı yeni meydana çıxan cisimlər, planetlər, ulduzlar kainatın nizamını elə “təsadüfən” pozar, bəlkə də davamlı “Böyük Partlayış”lara səbəb olardı. Demək genişlənən kainat öz özünə genişlənmir, idarəçi tərəfindən nizamlı şəkildə genişlənir.
Məlum Böyük Partlayış kainatın ilk yaradılışı deyil. Bir modeldən indiki modelə keçməsidir. Quranda Qiyamət günü planetlərin, ulduzların qaralacağı, Günəşin sönəcəyi, bütün bəşəriyyətin məhv olacağından bəhs edilir. Bəlkə bu da növbəti Böyük Partlayışdır. Mümkündür ki, bu Qiyamətdən sonra da Allah yenidən başqa kainat yaratsın. Yaxud bildiyimiz Böyük Partlayış da bizdən əvvəlki xilqətlərin Qiyaməti olmuş ola bilər.
Digər nəzəriyyə, kosmik vaxtın tamamilə məhdud olduğu modellərdən bəhs edir; fərziyyəyə görə Böyük Partlayış, vaxt məhdudiyyətini təmsil edir. Bu halda, kainat öz-özünə kifayətdir və öz varlığına səbəb olmuşdur. Buna bənzər iddialar İbn Sinanın ilahiyyat traktatlarında da mövcuddur.
Bu fikirdə olanlara orta əsrlərdə Dəhrilər deyirdilər. Yəni, kainatın özünün hər şeyin başlanğıcı və əzəli olması fikrində olanlar. Onların bəziləri kainatın həm də əbədi olduğunu düşünürdü. Sonralar “vəhdəti – vücud” və “vəhdəti-mövcud” təsəvvüfi – fəlsəfi fikirləri də bu nəzəriyyələrdən təsirlənmişdi.
Ancaq əslində kainat, ümummiyyətlə aləmlər mütləq bir yaradıcı – Allah tərəfindən xəlq edilib. Kainatın təkrar yaradılışı, Böyük Partlayış nəzəriyyəsi kimi nəzəriyyələr də, kainatın genişləndirilməsi faktı da nəticə etibarı ilə həm xilqət sarıdan, həm də bu böyük nizamlı mizanı stabil idarə edən bir qüdrətin labüdlük zərurəti baxımından – Allahın var olduğunu, onun bu böyük nizamı səhmana saldığını, dayanmadan da yaratdığını sübut edir.
Kainatın genişlənməsi o deməkdir ki, Allah davamlı şəkildə aləmlər yaradır, onları bir mərhələdən başqa mərhələyə keçirir, Böyük Partlayışlar (Qiyamətlər?) vasitəsi ilə məhv edir və yenidən başqa kainatlar, aləmlər yaradır.
Rəhman surəsi, 7 – ci ayədə buyurur: “Göyü O ucaltdı, mizanı o qoydu.”
26 – cı ayədə buyurur, “Hər şey fanidir.” 29-cu ayədə deyilir ki, “O Allah hər gün (hər an) bir işdədir.”
Buradan aydın olur ki, kainatın genişlənməsi təsadüfi hal deyil, bu, Allahın yeni – yeni aləmlər xəlq etməsinin təsdiqidir.
Tural İrfan
Dinşünas – yazar





























