Elektron cihazlar getdikcə daha böyük ekranlara sahib olurlar. Bir neçə il əvvəl 4 düymlük ekran çoxları üçün böyük sayılsa da, amma indi 5,5 düymlük ekranın çox kiçik olduğunu düşünənlər var. Ancaq bir şirkət dünyanın ən kiçik televizorunun prototipini istehsal edərək bütün sənayenin tam əksinə gedir.
Televizorlar, telefonlar və ya kompüterlər bunların hamısının ortaq bir cəhəti var. Onların ekranı 8-10 il əvvəl çıxan modellərdən xeyli böyükdür. Bunun istehlak ehtiyacı olduğu fikrində olanlar var. Həm də nəhəng televizorda filmə baxmaq hamımıza maraqlı gəlmirmi?
Fikriniz nə olursa olsun, bu şirkət böyük ekranlı televizor istehsal etməkdən fərqli olaraq kiçik ekranlı televizorun daha çox diqqəti cəlb edə biləcəyini düşünür. Çünki bu şirkət dünyanın ən kiçik televizorunun prototipini istehsal edib.
İngiltərənin “Daily Mail” qəzetinin xəbərinə görə, texnologiyanın inkişaf etdiyi dövrdə bir şirkət dünyanın ən kiçik televizorunu istehsal edərək fərqli istiqamətə getməyə qərar verib. Elektronika şirkəti olan “Tiny Circuits” “Tiny TV” seriyasında 1,0 düym (26 mm) və 0,6 düym (15 mm) displeyli iki yeni prototip təqdim edib.
1,0 düym ekrana malik model “TinyTV 2” adlanır. Retro dizaynına sadiq qalan televizorun səs səviyyəsini tənzimləyən və videolar arasında kanalları dəyişdirən iki fırlanan düymə ilə idarə olunduğu açıqlanıb.
Onun daha kiçik modeli olan “Tiny TV Mini” 0,6 düymlük (15 mm) ekrana malikdir. Bu televizor bir saatlıq görüntü vaxtı vəd edir.
Videoların televizora ya istifadəçi tərəfindən yüklənə biləcəyi ya da USB-C kabeli vasitəsilə kompüterdən televizora ötürüləcəyi bildirilib.
Şirkətin açıqlamasına görə, həm “Tiny TV 2”, həm də “Tiny TV Mini” kimi cihazlarda 10 və 40 saatdan çox görüntü saxlaya bilən 8 GB-lıq mikro SD kart da var.
Hər iki model daxili düymələrlə idarə oluna bilsə də, əlavə infraqırmızı uzaqdan idarəedici (pult) də təklif olunur. Verilən məlumata görə, bu pult cihazı işə sala, səsi azaldıb çoxalda və ya göstərilən videonu dəyişə bilir.
Xatırladaq ki, bu cihazlar “Kic Starter” kampaniyasının bir hissəsidir.
Qeyd edək ki, bu layihə ilə şirkət indiyədək 128 640 dollardan çox pul qazanmağa nail olub.
Vüsal Cahanov, “İki sahil”