Azərbaycan-Ermənistan münasibətlərindəki Qarabağ mövzusuna nisbətdə postmünaqişə dövrü yaşansa da, sülh müqaviləsinin imzalanmasına gedən marşrutda konflikt xarakterli bəzi nüanslar üzə çıxır.
Azərbaycan sərhədə çıxış əldə etsə də və bundan sonra sərhədlərinin ölçüsünü genişlətsə də, istər ABŞ, istərsə Rusiya xarici siyasətində Qarabağ məsələsini bir alət kimi saxlamağa çalışır.
Lakin ABŞ və Rusiyanın təhlükəsizlik və oyun qaydalarına dair qavrayışları bir-birilə ziddiyyət təşkil etdiyindən onların strateji məntiqlərindəki Qarabağ məsələsi də fərqlidir.
ABŞ insan hüquqları prinsiplərini özünün qlobal maraqlarını təmin edən vasitə kimi şişirdərək böyüdüb və Vaşinqton indi Cənubi Qafqazda Rusiyanı sıxışdırıb çıxarmaq üçün Qarabağdakı erməni mövzusunu həmin prinsipinin çərçivəsinə daxil edir.
Rusiyanın isə etnik kartlarla oynamaq qabiliyyəti dəyişməyib və Çar Rusiyasından, SSRİ-dən qalma milli zəmindəki münaqişə yaratmaq xətti Moskvanın gündəliyindən çıxmayıb.
Düzdür, postsovet məkanında Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həllində Rusiyanın da Bakıya dəstəyi olub, lakin Moskvanın ənənədən gələn tərzi əsaslı şəkildə dəyişməyib.
Dəyişən maraqların təmin edilməsi metodologiyasıdır, belə ki, Rusiya indi Qarabağdakı arzularını başqa fazaya keçirir.
Hazırda Rusiyanın ən böyük şövqü Qarabağda rus icmasının yaradılmasına nail olmaq və bu işdə həmin ərazidə yaşayan ermənilərin potensialından istifadə etməkdir.
Lakin Azərbaycan bunun təhlükəli perspektiv tendensiyalarını hiss edərək həmin siyasətə qarşı çıxır, ABŞ-nin təklif etdiyi sülh modelindəki erməni kartı isə nisbətən az təhlükəli olsa da, ümumilikdə Bakıya təzyiq üçün barmaq yeri saxlanılmaqdadır.
Rusiya Prezidenti Vladimir Putinin “Valday” diskussiya klubunda çıxış edərkən Bakı-İrəvan sülh gündəmində ABŞ-nin ağırlıq qazanmasını həzmə verməyib və qısqanclığını: “Əgər Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərində suverenliyini ifadə edən Amerika variantını dəstəkləyirsə, buyursun”, – deməklə ifadə edib.
Regionda oyunçuların və sülh modelinin qurulması üçün vasitəçilərin sayının artması maraq toqquşmalarının həcmini böyüdür və sülhün əldə edilməsi prinsiplərini bir qədər ləngidir.
ABŞ-Rusiya çəkişməsinin Azərbaycan-Ermənistan gündəliyində ərazilərə baxış üzrə proqramını belə qiymətləndirə bilərik:
1. Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasında Bakının təqdim etdiyi prinsiplərlə razıdır və Kreml Azərbaycanın sərhəddə irəliləməsinə maneələr yaratmır;
2. ABŞ üçün sərhəd mövzusu həssasdır və o, Azərbaycan qoşunlarının sərhəddən geri çəkilməsinə nail olmağa çalışır, lakin Qarabağa nisbətdə onun modeli Bakı üçün daha uyğundur.
ABŞ də, Rusiya da Qarabağ məsələsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yekunlaşdırmaqda maraqlıdırlar, amma məsələ burasındadır ki, həmin tezislər Bakının təhlükəsizlik-strateji maraqlarına hansı səviyyədə cavab verir!
Putinin bəyanatını həm Qarabağdakı ermənilərin, həm də Rusiyadakı erməni diasporunun könlünü xoş tutmaq, Ermənistana isə diş göstərmək kimi şərh etmək daha doğru olardı.
Yəni Putin Ermənistana “mənim əlimdə sənin üçün daha məqbul variant var və bununla razılaşmasan, cəzalandırılacaqsan” deyir.
Rusiya liderinin açıqlaması Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Soçidə baş tutması gözlənilən görüşü ərəfəsində tərəflərdən rıçaq qoparmaq cəhdlərinin anonsu kimi də dəyərləndirilməlidir.
Amma hər şey Putinin istədiyi kimi getməyəcək, çünki ən azından, Moskva Bakı ilə strateji tərəfdaşlığını və Türkiyə ilə yüksələn əməkdaşlığını sırf erməni maraqlarına qurban verməyin ona yaxşı perspektiv vəd etmədiyini anlayacaq.
Dayana biləcəyimiz başqa nöqtə isə Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə antiterror əməliyyatları aparması üçün ikinci şəraitin (birinci olub və “Qisas” adlanıb) yetişməsidir. Bu, Putinin məlum bəyanatından sonra Rusiyanın qol-qanad açmasına imkan verməməkdən ötrü vacibdir.