Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Rafiq Cəlilov vətəndaşlarla növbəti səyyar qəbulu Ləkin kəndində keçirmişdir. Görüşdə rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
Mecra.az xəbər verir ki, qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rafiq Cəlilov bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənildi, kəndin ümumi problemləri müzakirə olundu. Sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.
Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






























