Azər Mirzə 1977-ci il martın 17-də Cəlilabadın Şorbaçı kəndində anadan olub. İlk yazısı 2000-ci ildə dərc olunub. Şeirləri müxtəlif mətbu orqanlarda işıq üzü görüb.
Mecra.az Azər Mirzənin bir neçə şeirini təqdim edir:
Düşmüşəm yolun ağzına.
Düşmüşəm yolun ağzına,
Məni yol yeyir, yol yeyir.
Bu yolun mənzili uzaq,
Məni al yüyür, al yüyür.
Yüz söz qoşarlar – qoşarlar.
Kini daşanlar, daşanlar.
Məni daş anlar, daş anlar,
Birdə lal duyur, lal duyur.
Bu can bu bədənə yaddı,
Haqq deyib günaha batdı.
Bir söz bilirəm:
Azadlıq!
Di gəl “al” buyur, al buyur.
Ömür necə ötüb keçdi
Ömür necə ötüb keçdi, heç bilmədim,
Harda məni yuxu tutdu, huş apardı.?
Ümüd-ümüd, arzu – arzu azalmışam,
Ömrü-günü payız tökdü qış apardı.
Bir ürəkdə duyğu yoxsa, gərək deyil,
Söykəndiyin hər kürək də, kürək deyil.
Hər sinədə döyünsədə, ürək deyil,
Çoxu onu daş gəzdirdi, daş apardı.
Çiçək – çiçək arzulardan ətri qaldı,
Bir eşq vardı, əziz idi xətri qaldı.
Yazılmadı neçə şeirim sətiri qaldı,
Çox şeyləri “heyf” oldu “kaş” apardı.
Çox əzildim,
amma həyat davam oldu,
Oldu bəzən!
yağlı tikəm yavan oldu.
Yazıq ürək özüm kimi avam oldu,
Bu dünyada,başı olan baş apardı.
Qapılar
Neçə məmur üzü görüb,
Bu padoş bu şin qapılar.
“Hürər” sahibindən qabaq,
Qıcayar dişin qapılar.
Bu qapı məmur qapısı,
Bu qapı, əmr qapısı.
Yağlanar dəmir qapısı –
“Buğlanar” meşin qapılar
Arxasında kürsüsü var,
Kürsüdə bir, hirslisi var.
Hirslinin də “süslüsü” var,
Gizləyir döşün qapılar.
Haqq
Fələk ələkdən keçirdi,
Xırdasında irisində.
Beş-altı adam çıxırmış,
Demə, insan sürüsündən.
Lap adamı hirs götürür,
Niyə işlər tərs gətirir?
Haqq istəyən dərs götürür,
Nəsiminin dərisindən.
Ömür də an – an qurtardı,
Kaş ayrı “ünvan” tutardım.
Ölən ölüb can qurtardı,
Qurtardı öz dirisindən.
Mən yolumu sevib azdım.
Mən yolumu, sevib azdım..
Bilsəydim heç sevinməzdim.
Ağlım olsaydı sevməzdim,
Olmayan vaxtına düşdü.
Bir”suç”mənim,min”səhv”onun-
Cəza mənim, insaf onun.
Bu eşq,onun insafının,
Qalmayan vaxtına düşdü.
Tanrım,sevda aclarının,
Sən göndər, əlaclarını.
Öldüm,
-onun saçlarının,
Yolmayan,vaxtına düşdüm.






























