Prezident İlham Əliyevin 14 oktyabr tarixində Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışında bir daha vurğulanıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Minsk qrupunun edə bilmədiyini, yaxud etmək istəmədiyini güc yolu ilə gerçəkləşdirdi. 30 ilə yaxın kağız üzərində qalan qətnamələrin tələbləri “dəmir yumruq”la, Ermənistanın döyüş meydanında cəzalandırılması ilə icra olundu.
Bu müharibənin, Azərbaycanın öz milli haqqını güc yolu ilə təmin etməsinin ortaya qoyduğu başqa bir reallıq isə ATƏT-in Minsk qrupu kimi Fransanın maskasının tam cırılması oldu. Bu ölkənin ermənipərəst siyasət yürütməsi əvvəldən də məlum idi. Lakin müharibə günlərində başda Prezident Makron olmaqla Fransanın siyasi dairələri açıq şəkildə Ermənistanın müdafiəsinə qalxdılar.
Artıq başa çatmış Qarabağ probleminin yoluna qoyulması ilə bağlı istiqamətlər BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrində öz əksini tapmışdı. Həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal çıxması tələb olunsa da, 30 ilə yaxın bir dövrdə bu tələb yerinə yetirilmədi. Bu tələbin yerinə yetirilməməsində işğalçının əlini-qolunu açan səbəblər çox idi. Bunlardan biri ATƏT-in Minsk qrupunun mövqeyi, daha dəqiq desək, BMT TŞ qətnamələrinin tələblərinin yerinə yetirilməsini Ermənistandan tələb etməməsi idi.
Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib. 28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir. Bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi.
Biz dəfələrlə demişik ki, Qarabağ Azərbaycandır və Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Azərbaycan öz daxili məsələlərini heç bir tərəflə müzakirə etməyəcək. Praqa görüşünün yekunlarına əsasən də başa düşdüyüm qədər, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında hər hansı fərqli şəkildə qəbul edilməyib.
Günay İbadova,
Cəlilabad RİH-nin əməkdaşı