Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin mütəxəssislərinin iştirakı ilə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz olaraq kəsilməsi və emal edilməsi ilə məşğul olan daha bir mütəşəkkil dəstənin üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçiriblər.
Xezerxeber.az-ın məlumatına görə, Baş İdarəyə ölkənin cənub rayonlarında yerləşən meşə massivlərində, eləcə də “Hirkan” Milli Parkı ərazisində ağacların kütləvi olaraq qırılması barədə əməliyyat məlumatları daxil olub. Həmin məlumatlar Baş İdarədə nəzarətə götürülüb və araşdırılıb. Nəticədə qeyd olunan ərazilərdə fıstıq, ağcaqayın, qızılağac və s. ağaclarının kəsildiyi müəyyənləşdirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ağacların kəsilməsi ilə məşğul olan mütəşəkkil dəstənin başçıları Anar İbrahimov, Ramin Qafarov, Rasif Ağayev, həmçinin onlar tərəfindən ağacların kəsilməsinə cəlb edilən Alim Əliyev, Emin Sadıxov, Rahim Rəhimov, Niyaməddin Nəbiyev və Ramin İbadov müəyyənləşdirilərək saxlanılıblar. Dəstə üzvlərinin qanunsuz əməlləri, onların ağacları kəsməsi və satması təkzibedilməz sübuta yetirilib.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri aparılır. Ağacların kəsilməsi və emalında iştirak edən dəstənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.