Yeni Azərbaycan Partiyası – 34 il

XƏBƏR XƏTTİ
Bakıda evin həyəti ikiyə ayrıldı – VİDEO•9-cu sinif şagirdinin meyiti tapıldı•Vyetnamlı müğənni liderlərin qarşısında “Ey Vətən”i oxudu – VİDEO•Tramp Putinlə görüşünün detallarını açıqladı•Prezidentlər Birgə Bəyanat qəbul etdilər – FOTOLAR•İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü oldu – FOTOLAR•“Yeni Azərbaycan Partiyasının 34 illik şərəfli tarixi bu gün böyük qürurla vərəqlənir”•Yeni Azərbaycan Partiyası – 34 il•Bakıda evin həyəti ikiyə ayrıldı – VİDEO•9-cu sinif şagirdinin meyiti tapıldı•Vyetnamlı müğənni liderlərin qarşısında “Ey Vətən”i oxudu – VİDEO•Tramp Putinlə görüşünün detallarını açıqladı•Prezidentlər Birgə Bəyanat qəbul etdilər – FOTOLAR•İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü oldu – FOTOLAR•“Yeni Azərbaycan Partiyasının 34 illik şərəfli tarixi bu gün böyük qürurla vərəqlənir”•Yeni Azərbaycan Partiyası – 34 il•

Azərbaycanın müasir dövlətçilik tarixində Yeni Azərbaycan Partiyasının xüsusi yeri və əhəmiyyəti vardır. Partiyanın yaranması ölkənin müstəqilliyinin ilk illərində mürəkkəb ictimai-siyasi proseslərin baş verdiyi, siyasi qeyri-sabitliyin, idarəetmə böhranının və dövlətçiliyin gələcəyi ilə bağlı ciddi narahatlıqların mövcud olduğu bir dövrə təsadüf etmişdir. Belə bir şəraitdə Azərbaycanın qarşısında duran əsas vəzifə müstəqilliyin qorunması, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsi idi. Məhz həmin tarixi şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin siyasi həyatında mühüm hadisəyə çevrilərək cəmiyyətə yeni siyasi baxış və inkişaf perspektivi təqdim etdi.
1992-ci il noyabrın 21-də Naxçıvanda təsis edilən Yeni Azərbaycan Partiyasının yaranması xalqın Heydər Əliyevin siyasi təcrübəsinə, liderlik keyfiyyətlərinə və dövlətçilik mövqeyinə olan inamının ifadəsi idi. Həmin dövrdə ölkənin müxtəlif bölgələrindən olan ziyalıların və ictimai-siyasi xadimlərin Heydər Əliyevə müraciət etməsi cəmiyyətdə güclü siyasi rəhbərliyə və sabitlik yarada biləcək siyasi qüvvəyə olan ehtiyacın göstəricisi idi. Partiyanın təsis edilməsi yalnız yeni siyasi təşkilatın formalaşması demək deyildi. Bu, eyni zamanda Azərbaycanın taleyinə görə məsuliyyət daşıyan insanların milli maraqlar və dövlətçilik ideyası ətrafında birləşməsi idi. YAP-ın yaranmasının tarixi əhəmiyyəti də məhz ölkənin böhranlı mərhələsində siyasi təşkilatlanmaya, ictimai həmrəyliyə və gələcəyə inama yeni təkan verməsində özünü göstərirdi.
Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu. Onun rəhbərliyi ilə ölkədə siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi böhranın aradan qaldırılması və beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Müstəqil dövlətin hüquqi və siyasi əsaslarının formalaşdırılması, milli maraqlara əsaslanan xarici siyasətin həyata keçirilməsi və iqtisadi inkişafın strateji istiqamətlərinin müəyyənləşdirilməsi Heydər Əliyevin dövlətçilik fəaliyyətinin əsas nəticələri sırasındadır. Onun siyasi irsinin başlıca xüsusiyyəti mürəkkəb şəraitdə uzaqgörən qərarlar qəbul etmək, dövlətin maraqlarını hər şeydən üstün tutmaq və ölkənin gələcəyini uzunmüddətli strateji hədəflər üzərində qurmaq bacarığı idi. Yeni Azərbaycan Partiyasının ideoloji və siyasi xətti də məhz bu dövlətçilik fəlsəfəsi əsasında formalaşmışdır.
Partiyanın Azərbaycan siyasi sistemindəki rolu zaman keçdikcə daha da möhkəmlənmiş, YAP ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvəyə çevrilmişdir. Onun fəaliyyəti dövlət siyasətinin əsas istiqamətlərinin ictimai müstəvidə dəstəklənməsi, müxtəlif sosial təbəqələrlə siyasi əlaqələrin qurulması və ölkənin inkişaf strategiyasının təbliği baxımından əhəmiyyət daşıyır. Bununla yanaşı, YAP-ın yaranması Azərbaycanda siyasi təşkilatlanma və partiya institutunun inkişafı baxımından da mühüm mərhələ olmuşdur. Partiyanın tarixi missiyası yalnız müəyyən dövrün siyasi ehtiyaclarından irəli gələn təşkilatlanma ilə məhdudlaşmır, həm də müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsi ilə bağlıdır.
Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun davam etdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Prezident İlham Əliyevin rəhbərliyi dövründə əldə edilən ən mühüm tarixi nailiyyətlərdən biri Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasıdır. 2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ildə suverenliyin ölkənin bütün ərazisində bərpa edilməsi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur. Bu hadisələr xalqın milli birliyini, dövlətin siyasi iradəsini və müstəqil siyasət yürütmək imkanlarını nümayiş etdirmişdir. Əldə olunan tarixi nəticələr Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açmış, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsinə, Böyük Qayıdış prosesinin reallaşdırılmasına şərait yaratmışdır. Bu baxımdan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının yeni tarixi şəraitdə davamı kimi xüsusi əhəmiyyət daşıyır.
Bu gün Yeni Azərbaycan Partiyasının siyasi həyatda rolu tarixi xidmətləri ilə yanaşı, müasir dövrün tələblərinə uyğun fəaliyyəti ilə də qiymətləndirilməlidir. Siyasi təşkilatın davamlı nüfuzu yalnız keçmiş nailiyyətlərə deyil, cəmiyyətin dəyişən gözləntilərinə cavab vermək, gənc nəslin ictimai-siyasi fəallığını artırmaq və ölkənin gələcək inkişafına xidmət edən təşəbbüsləri dəstəkləmək qabiliyyətinə əsaslanmalıdır. Dövlətçilik ənənələrinin qorunması ilə yanaşı, müasir idarəçilik prinsiplərinin, innovativ yanaşmaların və ictimai iştirakçılığın təşviqi də partiyanın gələcək fəaliyyətində mühüm əhəmiyyət daşıyır.

Şəbnəm Eldarova,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt