2026-cı ildə yaşamaq üçün ən yaxşı yerlərin reytinqi açıqlanıb.
Mecra.az xəbər verir ki, “Nomad Capitalist” şirkətinin hazırladığı “Nomad Lifestyle Index”də Monako birinci, Andorra ikinci, Birləşmiş Ərəb Əmirlikləri isə üçüncü yeri tutub.
Məlumata görə, reytinqdə 63 ölkə və ərazi beş əsas meyar üzrə qiymətləndirilib: təbiət və iqlim, vergi sistemi, yaşayış icazəsi və ölkəyə giriş imkanları, təhlükəsizlik və azadlıq, eləcə də, həyat keyfiyyəti və infrastruktur.
Qiymətləndirmə zamanı hava keyfiyyəti, ekstremal hava hadisələri riski, vətəndaşlıq əldə etmək imkanları, təhlükəsizlik, orta ömür uzunluğu, yaşayış xərcləri və internet sürəti kimi amillər nəzərə alınıb.
Monako yüksək həyat keyfiyyəti, inkişaf etmiş infrastrukturu, təhlükəsizliyi və azadlıq göstəriciləri ilə birinci yerdə qərarlaşıb. Andorra təhlükəsizlik və azadlıq üzrə lider olub. Lakin ölkədə vətəndaşlıq almaq üçün uzunmüddətli yaşayış və digər tələblər onun birinci yerə yüksəlməsinə mane olub.
İlk onluqda Avropa ölkələri üstünlük təşkil edib. Malta dördüncü, Portuqaliya beşinci, Kipr altıncı, İsveçrə isə onuncu yeri tutub. Sinqapur yeddinci, Kayman Adaları səkkizinci, Yeni Zelandiya isə doqquzuncu olub.
2026-cı ildə yaşamaq üçün ən yaxşı 10 yer:
1. Monako – 73,89 bal;
2. Andorra – 73,68 bal;
3. Birləşmiş Ərəb Əmirlikləri – 73,15 bal;
4. Malta – 72,11 bal;
5. Portuqaliya – 70,09 bal;
6. Kipr – 68,42 bal;
7. Sinqapur – 67,12 bal;
8. Kayman Adaları – 66,50 bal;
9. Yeni Zelandiya – 66,43 bal;
10. İsveçrə – 65,44 balş
“Qafqazinfo”