Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Avrasiya qitəsində sülh, təhlükəsizlik və sabitliyin təmin edilməsinə yönəlmiş çoxtərəfli strukturdur. Başqa sözlə, AQEM adi bir regional təşkilat deyil, o, coğrafi və demoqrafik miqyasına görə dünyanın ən nəhəng platformalarından biridir. Bakıda VII Sammitin keçirilməsi Azərbaycanın beynəlxalq siyasi mövqeyinin möhkəmlənməsinə və Asiya ölkələri ilə münasibətlərinin inkişafına mühüm töhfə verəcək.
Prezident İlham Əliyev AQEM-in 7-ci Bakı Zirvə görüşündəki çıxışında bəyan edib ki, AQEM hərbi-siyasi blok kimi yaradılmamışdır və xarici siyasət mövqeləri bir-birindən ciddi şəkildə fərqlənən və ya eyni zamanda digər regional təşkilatlarda təmsil olunan dövlətlər bu ümum-Asiya platformasında qarşılıqlı fəaliyyət imkanlarına malikdir. Beləliklə, AQEM mövcud regional təşkilatlar sistemini əvəz etmir, əksinə, onu tamamlayır.
Bu istiqamətin Bakı üçün əhəmiyyəti həm də Avrasiya məkanında baş verən daha geniş dəyişikliklərlə bağlıdır. Bu gün Azərbaycanın strateji coğrafi mövqeyi onu regionun ən mühüm nəqliyyat və enerji qovşaqlarından birinə çevirmişdir. Azərbaycanın ərazisindən Şərqlə Qərb arasında mühüm nəqliyyat dəhlizləri və strateji enerji kommunikasiyaları keçir və ya onlar hal-hazırda formalaşmaqdadırlar.
Bu baxımdan əlaqəlilik anlayışı yalnız nəqliyyat və ya iqtisadi məzmun daşımır. Yeni kommunikasiya xətləri siyasi təmaslar, ticarət, investisiyalar, humanitar mübadilə və dövlətlərarası əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Bir müddət əvvəl bir-birindən uzaq hesab edilən məkanlar bu gün vahid əlaqələr sisteminin tərkib hissəsinə çevrilir. Beləliklə, müxtəlif nəqliyyat və kommunikasiya marşrutlarının kəsişməsində yerləşən Azərbaycan üçün ümum-Asiya formatlarında iştirak aktual hesab edilə bilər.
Elvin Əmirov,
Cəlilabad RİH-nin əməkdaşı