“Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür. Üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir”. – Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə görüşündə belə deyib.
Müasir beynəlxalq münasibətlər sistemində davam edən transformasiya şəraitində Asiya istiqaməti getdikcə daha böyük əhəmiyyət kəsb etməkdədir. Asiya bu gün təkcə dünyanın ən sıx məskunlaşmış qitəsi deyil, həm də ən mühüm iqtisadi, enerji, nəqliyyat və texnoloji proseslərin kəsişdiyi bir məkandır. Məhz burada ən iri istehsal və ticarət mərkəzləri yerləşir, yeni nəqliyyat marşrutları formalaşır, regional iqtisadi əlaqələr genişlənir və eyni zamanda təhlükəsizlik sahəsində yeni çağırışlar meydana çıxır. Bu səbəbdən Asiya dövlətləri arasında dialoqun, qarşılıqlı etimadın və əməkdaşlıq mexanizmlərinin inkişafı ayrı-ayrı subregionların hüdudlarını aşan strateji əhəmiyyət daşıyır.
Belə bir dialoqu təmin etməyə yönəlmiş platformalardan biri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədir (AQEM). Onun fəaliyyətinin əsasını dialoq, konsensus və etimad quruculuğu təşkil edir. Çoxtərəfli hökumətlərarası format kimi fəaliyyət göstərən AQEM hazırda Asiya ərazisinin təxminən 90 faizini əhatə edən 28 üzv dövləti bir araya gətirir. AQEM-in özünəməxsusluğu, eləcə də, yalnız coğrafi miqyasında deyil, həm də müxtəlif subregionlara, siyasi sistemlərə və xarici siyasət prioritetlərinə malik olan ölkələri birləşdirməsindədir. Bu gün AQEM çərçivəsində nəqliyyat əlaqəliliyi və energetika, ticarət və investisiyalar, kiçik və orta sahibkarlığın inkişafı, informasiya texnologiyaları, ekoloji təhlükəsizlik, turizm, təhsil və digər sahələr üzrə məsələlər müzakirə olunur.
Tacəddin Əli,
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayon
təhsil sektorunun aparıcı məsləhətçisi