Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Mecra.az xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə Cəlilabad şəhərinin mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tədbiri açıq elan etdikdən sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycanın dövlət müstəqilliyinin bərpasından bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov iştirakçıları Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib, dövlət müstəqilliyimizin tarixi əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi və mədəni sahələrdə əldə etdiyi nailiyyətlərdən danışıb.Rafiq Cəlilov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin qətiyyətli rəhbərliyi və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan dövlətçiliyi qorunub saxlanılmış, ölkəmizdə sabitliyin və davamlı inkişafın əsası qoyulmuşdur. O bildirib ki, bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan beynəlxalq nüfuzunu daha da artırır, iqtisadi və siyasi qüdrətini möhkəmləndirir.
RİH başçısı vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsi müstəqillik tariximizin ən mühüm nailiyyətlərindən biridir. Bu gün Azərbaycan xalqı öz müstəqil dövlətinin əldə etdiyi uğurlarla fəxr edir və gələcəyə böyük inamla baxır.Tədbirdə digər çıxış edənlər dövlət müstəqilliyinin bərpasını xalqımızın tarixində mühüm hadisə kimi dəyərləndiriblər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq aləmdə tanıdılması istiqamətindəki xidmətləri vurğulanıb, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasətin ölkənin inkişafına verdiyi töhfələrdən bəhs olunub.








