Abşeronda bıçaqlanan direktor müavininin vəziyyəti açıqlanıb.
Mecra.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, hadisə oktyabrın 8-i səhər saatlarında qeydə alınıb.
Belə ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasında Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürücü vəzifəsində çalışan əməkdaş direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib:
“Hadisə zamanı xəsarət alan direktorun inzibati işlər üzrə müavininə dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
İnsidentlə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, sürücünün əmək intizamı qaydalarını pozması halları müşahidə olunub, bu hallarla bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilib”.