Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışında qeyd etdi ki, möhtəşəm tədbir yeni ictimai-siyasi və geosiyasi reallıqlar şəraitində keçirilir. Biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var.
Dünyada gedən proseslər, müharibələrin çoxalması və geniş vüsət almasıdır. Yəni perimetr üzrə bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq. Çünki beynəlxalq hüquq tamamilə sıradan çıxıb. Ona əhəmiyyət verənlərin sayı kəskin azalır. Ona görə biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək. Ona görə bu, birinci vəzifədir və təsadüfi deyil ki, bizim bu gün müzakirə olunan dövlət büdcəmizdə, gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur. Təbii ki, bizim başqa ehtiyaclarımız da var – ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpası, insanların sosial vəziyyətinin yaxşılaşdırılması.
Biz həm Qələbəmizlə, həm cəsarətimizlə fəxr edirik, iradəmizlə fəxr edirik, xalqımızla fəxr edirik, dövlətimizlə fəxr edirik. Ona görə bu da ideoloji təxribatlara qarşı ciddi bir maneədir. Əlbəttə ki, bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır. Xarici siyasəti biz elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə – son gülləyə qədər.
Bizim xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır. Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bir çox ölkələrlə,, bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə çətin tapılsın.
İltifat Bağırov,
Əməkdar müəllim