26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur duyduğu Müzəffər Ordumuzun yaranmasının qeyd olunduğu əlamətdar gündür. Bu tarix müstəqil Azərbaycanın güclü, peşəkar və müasir ordusunun formalaşması yolunda əldə edilmiş uğurların, eləcə də dövlətimizin müdafiə sahəsinə göstərdiyi davamlı diqqət və qayğının təcəssümüdür. Hər il bu əziz gündə Vətənimizin keşiyində dayanan hərbçilərimizin şücaəti, fədakarlığı və vətənpərvərliyi dərin ehtiramla yad edilir, Silahlı Qüvvələrimizin keçdiyi şərəfli inkişaf yolu və qazandığı mühüm nailiyyətlər bir daha xatırlanır.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev həm də ölkəmizdə ordu quruculuğunun banisidir. Onun həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ordumuz hazırda dünyanın bir çox inkişaf etmiş ölkələrinin silahlı qüvvələri ilə müqayisə olunur. Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev hakimiyyətə gəldiyi andan etibarən ölkəmizin ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən etdi. Prezident İlham Əliyev bu məqsədə nail olmaq üçün diplomatik, siyasi və hüquqi vasitələrlə yanaşı, hərbi gücün də vacibliyini nəzərə alaraq, hər bir istiqamətdə məqsədyönlü və ardıcıl fəaliyyət həyata keçirdi, görülən bütün işləri şəxsən nəzarətdə saxladı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazandı. Bu Qələbə təkcə Azərbaycan hərb tarixinə deyil, həm də dünya hərb elminə yeni səhifə kimi daxil oldu.
1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından bu günədək Azərbaycanda ölkə səviyyəsində keçirilən 9 hərbi paradln 8-i (o cümlədən 3-ü Vətən müharibəsindəki Zəfərdən sonra) Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qəbul edilib. Bu göstərici özlüyündə Prezident İlham Əliyevin birmənalı şəkildə ordu quruculuğuna verdiyi əhəmiyyətin, bu sahəyə əlahiddə və xüsusi yanaşmasının göstəricisi sayılmalıdır. Silahlı Qüvvələr Gününü ordumuza, xalqımıza və tariximizə alnı açıq, qürur və fəxarət dolu keçirmək imkanını yaradan Müzəffər Ali Baş Komandan İlham Əliyevin: “Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik”, – sözləri 26 İyunun xalqımız və Ordumuz üçün ən əlamətdar günlərindən birinə çevrildiyinin ən yüksək səviyyədə təsdiqidir.
Bu gün Azərbaycan xalqı 26 İyun – Silahlı Qüvvələr Gününü böyük qürur və minnətdarlıq hissi ilə qeyd edir. Bu əlamətdar gündə Vətənimizin keşiyində ayıq-sayıq dayanan hərbi qulluqçularımıza dərin ehtiramımızı ifadə edir, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini sonsuz hörmət və rəhmətlə anırıq.Qüdrətli ordu dövlətin gücünün və müstəqilliyinin ən mühüm dayaqlarından biridir. Bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığı, peşəkarlığı və vətənpərvərliyi ilə ölkəmizin təhlükəsizliyinin etibarlı təminatçısı, müasir və güclü Azərbaycan dövlətinin qürur mənbəyidir.
Xanlar Əsgərov,
Pirallahı rayonu, 243 nömrəli tam orta məktəbin Çağırışaqədərki hazırlıq rəhbəri
👁 8 baxış
