Qardaşlıq və etibarlı əməkdaşlıq

Azərbaycan və Türkmənistan arasında mövcud olan münasibətlər tarixi, mədəni və etnik bağlılıqlara əsaslanaraq strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bu kontekstdə Türkmənistan Prezidentinin Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb edir. Sözügedən səfər, təkcə iqtisadi və əməkdaşlıq məsələlərinin deyil, eyni zamanda mədəni, humanitar, elmi və intellektual istiqamətlərin də müzakirə olunduğu çoxtərəfli bir dialoq platforması kimi qiymətləndirilir. Nəticə etibarilə, bu səfər Azərbaycan–Türkmənistan münasibətlərində yeni mərhələnin davamıdır.

Azərbaycan ilə Türkmənistanı ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri birləşdirir. İkitərəfli münasibətlərimiz ortaq soy-kök və milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir”. Azərbaycan Prezidenti İlham Əliyevin Türkmən xalqına ünvanladığı bu sözlər ölkəmizə dövlət səfərinə gələn Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun keçirdiyi görüşlərdə, imzaladığı ikitərəfli sənədlərdə də öz təsdiqini tapdı.

Türkmənistan Prezidenti Sərdar Berdimühəmmədovla təkbətək görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, əlaqələrin daha da genişlənəcəyinə əminlik vurğulanıb. Bildirilib ki, bu rəsmi səfər ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Geniş tərkibdə keçirilən görüşdə isə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ölkəsinin Azərbaycanla münasibətlərinə böyük önəm verdiyini vurğulayıb. Türkmənistanın dövlət başçısı həmçinin bir çox sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Liderlər həmçinin mədəni-humanitar sahədə əməkdaşlığın prioritet istiqamətlərini də müzakirə ediblər, aidiyyəti dövlət qurumları ilə ictimai birliklər, tədqiqat mərkəzləri, ali təhsil müəssisələri, KİV, mədəniyyət və incəsənət xadimləri arasında əlaqələrin vacibliyini vurğulayıblar.

Ərzuman  Məmmədov, 

 YAP Cəlilabad RT, Cəngan ƏPT sədri                                     

 

👁 3 baxış