II qrupda bu ixtisaslara qəbul çətinləşib – Keçid ballarında rekord

Azərbaycanda ali təhsil müəssisələrində bir sıra ixtisaslar üzrə keçid ballarında nəzərəçarpacaq artım qeydə alınıb.

Xüsusilə iqtisadiyyat, maliyyə, menecment və biznesin idarə edilməsi istiqamətində olan ixtisaslarda rəqabətin güclənməsi nəticəsində qəbul balları bir neçə universitetdə kəskin şəkildə yüksəlib.

Müşahidələr göstərir ki, bu artım daha çox ingilisdilli proqramlarda və aparıcı universitetlərdə özünü göstərir ki, bu da həmin ixtisaslara olan marağın və müraciət sayının artması ilə izah olunur.

Mecra.az AzEdu.az-a istinadla bu nöqteyi-nəzərən II ixtisas qrupu üzrə 2023 və 2024-cü ildə ən çox tələbat olan, keçid balı artan ixtisaslar haqqında araşdırma yazısı hazırlayıb.

Belə ki, Bakı Dövlət Universitetində (BDU) ən ciddi artım iqtisadiyyat və maliyyə ixtisaslarında qeydə alınıb.

Belə ki, “İqtisadiyyat (tədris ingilis dilində)” ixtisası üzrə keçid balı 2023-cü ildə 429.5 olduğu halda 2024-cü ildə 624.3-ə yüksələrək 194.8 bal artım göstərib.

Eyni zamanda “Maliyyə (tədris ingilis dilində)” ixtisasında da 176.8 ballıq, “Maliyyə” ixtisasında isə 173.6 ballıq ciddi artım müşahidə olunub.

Bundan əlavə, beynəlxalq ticarət və logistika ixtisasında da 111.7 ballıq artım qeydə alınıb.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) də əsasən ingilisdilli proqramlarda artım daha çox nəzərə çarpır.

Biznesin idarə edilməsi (ingilis dili) üzrə keçid balı 556.6-dan 610.2-yə, İqtisadiyyat (ingilis dili) üzrə isə 581.8-dən 624.3-ə yüksəlib. Marketinq və menecment ixtisaslarında da müvafiq olaraq 45.4 və 25.2 ballıq artım qeydə alınıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) xüsusilə maliyyə və biznes sahələrində kəskin artım müşahidə olunub.

Maliyyə (ingilis dili) ixtisası üzrə keçid balı 162 bal artaraq 621.9-a yüksəlib.

Biznesin idarə edilməsi (ingilis dili) ixtisasında isə 155 ballıq artım qeydə alınıb. İqtisadiyyat və marketinq ixtisaslarında da müvafiq olaraq 61.8 və 80.1 ballıq yüksəliş müşahidə edilib.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ən diqqətçəkən artım Menecment ixtisasında qeydə alınıb və keçid balı 200.0-dan 400.0-a yüksələrək 200 ballıq sıçrayış göstərib.

Eyni zamanda iqtisadiyyat ixtisasında 167.7, marketinq ixtisasında isə 110 ballıq artım müşahidə olunub.

Sumqayıt Dövlət Universitetində (SDU) iqtisadiyyat və mühasibat ixtisaslarında ciddi artım qeydə alınıb. İqtisadiyyat ixtisasında keçid balı 214-dən 410.3-ə yüksələrək 196.3 bal artıb.

Mühasibat ixtisasında isə 148.5 ballıq, marketinq ixtisasında isə 83.6 ballıq artım müşahidə olunub.

Mingəçevir Dövlət Universiteti (MDU) keçid ballarında ən kəskin artımın qeydə alındığı ali təhsil müəssisələrindən biridir.

Maliyyə ixtisası üzrə keçid balı 200.0-dan 475.6-ya yüksələrək 275.6 ballıq artım göstərib. İqtisadiyyat ixtisasında da 229.2 ballıq ciddi yüksəliş qeydə alınıb.

Xəzər Universitetində ingilisdilli proqramlarda çox yüksək artım müşahidə olunub.

Biznesin idarə edilməsi (ingilis dili) ixtisası üzrə keçid balı 246.4-dən 486.9-a yüksələrək 240.5 ballıq artım göstərib.

Menecment (ingilis dili) ixtisasında isə 238.5 ballıq, maliyyə ixtisasında isə 114.7 ballıq artım qeydə alınıb.

Naxçıvan Dövlət Universitetində (NDU) maliyyə və marketinq ixtisaslarında yüksəliş daha çox diqqət çəkir. Marketinq ixtisası üzrə keçid balı 115.9 bal artaraq 368.5-ə yüksəlib.

Maliyyə ixtisasında 104.6 ballıq, iqtisadiyyat ixtisasında isə 63.7 ballıq artım müşahidə olunub.

Gəncə Dövlət Universitetində (GDU) Coğrafiya müəllimliyi ixtisası üzrə keçid balı 2023-cü ildə 228.2 olduğu halda, 2024-cü ildə 264.8-ə yüksəlib.

Tarix və coğrafiya müəllimliyi ixtisasında da artım qeydə alınaraq 234.6-dan 290.8-ə çatıb. Turizm bələdçiliyi ixtisasında isə göstərici 173.0-dan 177.9-a yüksəlib. İqtisadiyyat ixtisasında isə 200.0 səviyyəsi sabit qalıb.

Azərbaycan Universitetində (AU) də oxşar tendensiya müşahidə olunub.

Biznesin idarə edilməsi ixtisasında keçid balı 210.8-dən 233.1-ə, Turizm işinin təşkili üzrə 215.2-dən 273.9-a, Marketinq ixtisasında isə 197.3-dən 214.5-ə yüksəlib.

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Beynəlxalq ticarət və logistika ixtisası üzrə keçid balı 411.0-dan 432.1-ə qalxıb.

İqtisadiyyat ixtisasında isə 464.9-dan 443.6-ya enmə qeydə alınıb.

Milli Aviasiya Akademiyasında (MAA) ən ciddi artım İqtisadiyyat ixtisasında müşahidə olunaraq 314.2-dən 407.3-ə yüksəlib.

Menecment ixtisasında isə 221.2-dən 389.7-yə kəskin artım qeydə alınıb. Hidrometeorologiya ixtisasında da artım 273.9-dan 300.1-ə yüksəlib.

Azərbaycan Dillər Universitetində (ADU) də bütün qeyd olunan ixtisaslarda artım tendensiyası müşahidə olunub. Tərcümə (ingilis dili üzrə) ixtisası 300 və yuxarıdan 340 və yuxarıya, Filologiya (ingilis dili) 280 və yuxarıdan 320 və yuxarıya, Regionşünaslıq (ingilis dili) isə 270 və yuxarıdan 310 və yuxarıya yüksəlib.

2023-2024-cü illərin qəbul göstəricilərinin təhlili göstərir ki, ali təhsil müəssisələrində keçid ballarının artımı əsasən iqtisadiyyat yönümlü və ingilisdilli proqramlarda daha qabarıq şəkildə özünü göstərir. Bu tendensiya həm ixtisaslara olan marağın artması, həm də rəqabətin güclənməsi ilə əlaqələndirilir. Xüsusilə Bakı Dövlət Universiteti, Xəzər Universiteti və Mingəçevir Dövlət Universitetində qeydə alınan kəskin yüksəlişlər bu ixtisasların gələcəkdə daha da rəqabətli olacağını göstərir.

Nəticə etibarilə, 2024-cü ildə ali təhsilə qəbul prosesi 2023-cü ilə nisbətən daha rəqabətli, daha yüksək bal tələb edən və xüsusilə iqtisadi-iqtisadiyyat yönümlü ixtisaslarda daha çətin bir mərhələyə çevrilib.

👁 88 baxış