Həyatın mənimlə qəsdi nəyimiş? – Vahid Əzizin şeirləri

Mecra.az Xalq şairi Vahid Əzizin şeirlərini təqdim edir:

 

OLARDI…

 

İndi saçlarıma yaraşan gümüş,

Qaralı qalsaydı yaman olardı!

Həyatın mənimlə qəsdi nəyimiş?

Çox zaman yollarım duman olardı,

 

Çəmən becərmişəm- çovğunlar biçib,

Qartək ərimişəm-quzğunlar içib,

Əhdlərim əzablar içindən keçib-

Ümid bağladığım güman olardı,

 

Nəğmələr yaratdım qəlbin qəmiylə,

Ümidlər yaşatdım şərin dəmiylə,

Sünbülün içində qızıl dənin də

Arxası, dayağı saman olardı,

 

Mənzili bir imiş “yox” ilə “varın”,

Yoxsul harayına kar qalar harın!

Milləti Cihada səsləyən tarın

Matəmdə sirdaşı kaman olardı,

 

ÇEVİRDİ…

 

Ömrümün yazında gələn bir çiçək

Gözümdə sevinci yaşa çevirdi,

(İndi özünə də qəsd edir ürək),

İpəkdən zərifi daşa mevirdi,

 

Yorğun şikar etdi qəlbi qovaraq,

Məni hey… salmaqda özündən iraq,

Eşqin ocağına atmazdan qabaq

Bir çimdik duz kimi başa çevirdi,

 

Səsimə- ünümə gəlməz soraqlar,

Hardadı əzəlki kövrək maraqlar?

Həyat dastanımdı qonşu varaqlar;

Tutub, oxumadam, qoşa çevirdi,

 

Qonmuş dodağıma solğun gülüşlər,

Hayıflar sizlərə gizli görüşlər,

Rəngi- darandıqca yadıma düşər,

O, gül- baharını qışa çevirdi…

 

QARANLIQ OLSA DA…

 

Qaranlıq olsa da- tutdu gözlərim,

Yeridim gedənin izinə tərəf,

Bir ocaq önündə çökdü dizlərim,

Sallandım alovlu közünə tərəf,

 

Zamanmı tələsir, ömürmü

qısa?

Dövrəmdə dolaşar dərd mısa-mısa,

Yerin cazibəsi hər nə cür olsa,

Səmalar çəkəcək özünə tərəf!

 

Fürsətli- qəlbimə girmək istəyən,

Kotan çək- hasarlar hörmək istəyən,

Günəşi doyunca görmək istəyən

Əlinı şığadar gözünə tərəf,

 

Biçinçi, rəhm eylə çiçəyə, gülə,

Duruluq yaraşar çeşməyə, gölə,

Fələk ara-slra insafa gələ,

Çəkə müşkülləri düzünə tərəf!

 

Büdrəyib- güc ilə özümü tutdum,

Hər vaxt, ömrüm boyu sözümü tutdum,

Getmək istəyəndə üzümü tutdum

Göylərə ulduzlar düzənə tərəf…

 

ÇÜNKİ, İKİMİZ DƏ BİR QOCALIRDIQ…

 

Qaytara bilsəydim uşaqlığımı-

həyatım olardı solmaz baharlıq;

duymurdum Anamın qocalmağını-

çünkü ikimiz də bir qocalırdıq,

 

Bəxt gah uzaqdaydı, gah da yaxında,

Haqqa şükr edədrik yaza çıxanda,

vaxtın çətinliyi bizi sıxanda,

Tanrını birlikdə yada salırdıq,

 

Ömründə gül oldum- amma, solmadım,

dərs verdi- yadlardan töhmət almadım,

Atasız qalsam da- yetim olmadım-

çünkü, ikimiz də bir ucalırdıq,

 

Qaytara bilsəydim uşaqlığımı,

həyatım olardı solmaz baharlıq,

duymurdum Anamın qocalmağını,

çünkü, ikimiz də bir qocalırdıq…

 

👁 baxış