Ələsgər Mirzəzadənin pedaqoji həyat amalı (pedaqoji və elmi fəaliyyətin 50 illiyi)
“Müəllim – zülməti yanan nur, cəhaləti elmin qılıncıyla yox edən, qəlbiylə insanlara yaxınlaşan, böyük örnək sahibidir! Əsl müəllim insanlara elm öyrətməklə həyatını şam kimi əridən, qəlblərdə əbədi həyat quran bir şəxsiyyətdir”!
Bu gün müəllimlik ömrünün 50 ilini (yubiley ili) başa vuran metodist, ADPU Cəlilabad filialının baş müəllimi, tarixçi-araşdırmaçı Ələsgər Ağahəsən oğlu Mirzəzadənin pedaqoji həyat yolu haqqında söhbət açmaq istəyirəm.
Ələsgər Ağahəsən oğlu Mirzəzadə 1956 – cı il aprelin 1-də Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olmuşdur. 1971-ci ildə Lənkəran Dövlət Pedaqoji Texnikomuna daxil olmuş, 1975-ci ildə ixtisasina uyğun olaraq (sinif müəllimi) əmək fəaliyyətinə başlamışdır. 1976 – 1978-ci illərdə Rusiyanın Primorye vilayətində (Ussuriysk, Vladivostok) hərbi xidmət keçmişdir. artilleriya sahəsində “rabitəçi ”, ardınca “kəşfiyyatçı”lıq peşəsi onun gələcək həyatı üçün bir stimul yaradır. O, tarixçi olmaq istəyir və buna da nail olur.
1981-ci ildə ADPİ-nun tarix fakültəsinə daxil olur. Sovet dövründə təhsil almasına baxmayaraq, Vətənin, o cümlədən Cənub bölgəsinin tarixi abidələri ilə maraqlanır, onları öyrənməyə can atır. Ali məktəbi qurtaranda o əsl tarixçi, vətənpərvər bir şəxsiyyət kimi yetişir.
Ələsgər Mirzəzadə Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olmasına baxmayaraq, hal-hazırda həmin rayonun Uzuntəpə (keçmış Novoqolovka) kəndində yaşayır. Kəndin 1 saylı tam orta məktəbində tarix müəllimi işləmiş, şagirdlərin milli-mənəvi dəyərlərinin formalaşmasında, o cümlədən Vətən tarixinin dərindən mənimsənilməsində böyük rol oynamışdır. 01 aprel 2021-ci il tarixdən yaşla bağlı orta məktəbə “əlvida” etmişdir.
O, hələ orta məktəbdə işlədiyi zaman – 2019-cu ildən ADPU-nun Cəlilabad Filialında da da tarix müəllimi kimi fəaliyyət göstərmişdir. 2021-ci ildən filialın daimi işçisi kimi təsdiqlənmiş və bu günə qədər tələbələrə vətənimizin tarixini tədris edir.
Ahıllıq yaşına daxil olan, hələ də öz müəllimlik peşəsini qürurla davam etdirən Ələsgər müəllim ideal bir müəllimdir. Həyatında yerişini dəyişməyən, heç bir qarşılıq gözləmədən könülləri fəth edən, peşəsini sevən, nifrəti nifrətlə qarşılayan bir şəxsiyyətdir. Onun pedaqoji sahədə qazandığı uğurlar vətənə məhəbbət, şagird və tələbələrinə olan sevgidən qaynaqlanmışdır. Məktəb müqəddəs bir məbəddir, müəllim isə maarif, elm, fəzilət, sevgi qapılarını insanların üzünə açandır. Mən Ələsgər müəllimi belə tanıyıram.
O, 50 ildə vətənin tarixini uşaqlara mənimsətməklə, gənc nəsildə Vətənə sevgi, torpağa bağlılıq, tarixə həvəs aşılamış, bunun nəticəsi olaraq Azərbaycanın torpaqlarının azadlığı naminə Vətən müharibəsində onun 18 şagirdi şəhid, 30-dan çoxu qazi olmuşdur. Onların şərəfinə “Vətən bizi unutmaz” (2021) adlı şəhidlər kitabını yazmışdır.
Cəlilabadın görkəmli şəxsiyyətlərindən biri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Hüseynov Ələsgər müəllimin pedaqoji və elmi fəaliyyətini əsas tutaraq “Əcdadların izləri. Ələsgər Mirzəzadənin həyat amalı” adlı kitab yazmışdır.
Ə.Mirzəzadə təhsildə, elmdə və ictimai işlərdə bir ziyalı olaraq qazandığı uğurlara görə, 2018-ci ildə Azərbaycan Təhsil İşçilərinin (müəllimlərinin) XV qurultayına nümayəndə seçilmişdir. Məktəb Həmkarlar komitəsinin sədri kimi Azərbaycan Həmkarlar Konfederasiyasının iki konfransında iştirak etmişdir. Həmçinin keçmiş Təhsil Naziri Ceyhun Bayramovun (2018), ADPU-nun rektoru Cəfər Cəfərovun (2025), RİH-n Başçısı Əziz Əzizovun, RİH-in Başçısı Rafiq Cəlilovun, ADPU Cəlilabad filialının direktoru Xudayar Sultanlı və digər məsul şəxslərin Fəxri Fərmanlarına layiq görülmüşdür.
Elmi fəaliyyəti (ixtisarla):
Ələsgər müəllim 50 ildir ki, pedaqoji fəaliyyəti ilə yanaşı, Azərbaycanın cənub-şərq bölgəsinin (Muğan) tarixi keçmişinin açılmamış sirlərini öyrənir və kolleksiyalar toplayır. Azərbaycan tarixinin keçmişini əks etdirən nadir tapıntıları Cəlilabad Tarix Muzeyinin eksponatları içərisindədir. Muzeyə 100-lərlə eksponat vermişdir.
Muğan tarixinə aid publisist yazılarla mətbuatda, sosial şəbəkələrdə çıxış edir. Muğan şəhər yerinin araşdırılmasında alim və mütəxəssislərlə əməkdaşlıq edir. 1991-ci ildə dünya əhəmiyyətli Əliköməktəpə abidəsində arxeoloji qazıntılar zamanı mərhum arxeoloq Fərman Mahmudov və İdeal Nərimanovla bir yerdə olmuş, tövsiyyələrini dinləmişdir. “Tariximizə işıq salan Əliköməktəpə” adlı iri həcmli məqaləsini yazmışdır.
2004-cü ildən AMEA-nın əməkdaşı arx.Tufan Axundovla tanışlığı onun həyatında bir dönüş nöqtəsi olur. Onda arxeoloq olmaq arzusu yaranır. T. Axundovun rəhbərliyi altında rayonun Üçtəpə kəndində aparilan arxeoloji qazıntılarda (Alxantəpə və Polutəpə) mütəmadi olaraq iştirak edir. ”Eneolit düşərgəsinə səyahət”, “Polutəpə”, “Muğan mədəniyyəti” məqalələrini yazır.
2008-ci ildə Ələsgər müəllim Arxeologiya və Etnoqrafiya institutunun əməkdaşı, arxeoloqlar A.Ələkbərovu və 2010-cu ildə T.Axundovu Uzuntəpə abidələrini tədqiq eləmək üçün bölgəyə dəvət edir. Kəşfiyyat uğurlu olur. Kurqanlar qeydə alınır və xəritələşdirilir.
Ələsgər müəllim Uzuntəpə abidələri ilə bağlı onlarla məqalə yazaraq çap etdirir. Əıəsgər Mirzəzadə öz yazılarında Uzuntəpə kəndini “Muğan şəhəri”nin mərkəzi adlandırır. Onun məqalələri “Azərbaycan arxeologiyası”, “Sözün işığı” jurnallarında, yerli qəzetlərdə, informasiya kanallarında çap edilmışdir.
Muğanin tarixi silsiləsinə daxil olan “Cəlilabad: Qədim abidələr diyarı”, “Muğan.Maddi – mədəniyyət abidələri”, Muğan tarixindən bəhs edən “Tarix və Zaman”, şəhidlərlə bağlı “ Vətən bizi unutmaz”, “Muğanın irsi: Həməra xalçaları” kitablarının və çoxlu elmi-pedaqoji, publisist məqalələrin müəllifidir. Onun muğanşünas kimi fəaliyyətinin bir səbəbi var: pedaqoji fəaliyyəti ilə yanaşı, yaşadığı Muğanın sirli aləmini, qaranlıq səhifələrini işıqlandırmaq. Cəlilabad abidələri artıq Ə. Mirzəzadənin idealına çevrilmişdir. Bununla bağlı “Muğan Tarixçilər Birliyi” adlı yerli tarixçilər tərəfindən mədəni irsimizi, tariximizi öyrənən “Birlik” də yaradıldı. Bu “Birlik” vasitəsilə abidənin öyrənilməsində yerli tədqiqatçılarla birlikdə alimlərin ora cəlb olunmasına, öyrənilməsinə güclü cəhdlər edildi.
Ələsgər müəllim Muğan mədəniyyətinə aid yüzlərlə tapıntıların müəllifidir. Bir tapıntı olaraq onun kəşf etdiyi nadir qab e.ə.7-ci minilliyi özündə əks etdirir.Bu tarixi nümunə əsasında Cəlilabadın tarixi 1500-2000 il öncəyə (eneolitdən neolitə) gedib çıxmışdır.
O, gözəl ailə başçısıdır. Evlidir. 4 övladı var. 1 oğlan, 3 qız.
Mən də Muğan Tarixçilər Birliyinin həmsədri olaraq Ələsgər müəllimi Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbrik edir, ona can sağlığı, uzun ömür, şərəfli müəllimlik fəaliyyətində uğurlar arzulayıram.
İşlədiyi təhsil ocaqları:
1) Zəhmədabad kənd 8-illik məktəb – 1975-1976
2) Hərbi xidmət – 1976-1978
3) Kövüzbulaq kənd orta məktəbi – 1978 – 1993
4) Cəlilabad stansiyası Dəmiryol 8-illik məktəbi – 1993-1997
5) Uzuntəpə kənd 1 saylı tam orta məktəbi – 1997 – 2021
6) ADPU Cəlilabad filialı – 2019 – bu gün də davam edir…
Konfranslarda iştirakı:
1.Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani Beynəlxalq Konfransı 13-15 dekabr 2018, Lənkəran.
2. H. Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Respublika Elmi-Praktik Konfransı
Lənkəran, 7-8 may 2019;
3. “Müasir təlim texnologiyalarının tətbiq olunmasının təhsilin keyfiyyətinə təsiri” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı, Lənkəran, 2020
4. Etnik deportasiyalar: tarixi və müasir dövrü. Beynəlxalq Elmi Konfrans, 17-18 dekabr 2020, SDU.
5. Beynəlxalq Elmi Konfrans. BDU Qazax filialı, ŞUŞA: KEÇMİŞİ, BU GÜNÜ, SABAHI, 25 noyabr 2022
6. H.Əliyev-100 il. Təhsil və uğurlar. ADPU şamaxı filialı. 14 dekabr 2023-cü il
və s.
Çap olunmuş elmi məqalə və kitabların bir qism siyahısı.
Elmi məqalələr:
1.Qazan köşkü – “Sözün işığı” jurnalı, oktyabr 2014;
2. Həməşara yurd yeri “Sözün işığı” jurnalı, oktyabr 2014;
3.Polutəpə – “neolit mədəniyyətə” düşərgəsi,Sözün işığı jur. oktyabr 2014;
4. R.Əsgərov və Muğan mədəniyyəti, Sözün işığş jur. dekabr 2014;
5. Novruz bayramının mənşəyi haqqında, Sözün işığı jur.mart 2015;
6. Tariximizə işıq salan Əliköməktəpə, Gün qəzeti, 2-8 mart 2007;
7. Yeni daş dövrünün inanc yerı, Münasibət qəz.,12 dekabr 2016;
8. Küp qəbirlər və Cəlilabad tarixi, Region Səs qəz., 20 iyul 2009;
10. Eneolit düşərgəsinə səyahət, Münasibət qəz., 3 dekabr 2013
11. Muğan tədqiqinə dair araşdırmalar, Region Səs qəz., 13 yanvar 2011;
12. Muğan tədqiqinə dair araşdırmalar, Region Səs qəz., 28 fevral 2011(ardı);
13. Qazan Köşkü – qaladırmı? Münasibət qəz., 22 yanvar 2014;
14. Cəlilabad rayonunun qədim və orta əsr abidələr xəritəsi, tərtibat;
15. Uzuntəpə düşərgəsi (mənbəni tapa bilmədim)
16. TÜRK XALQLARININ ƏDƏBİ-MƏDƏNİ MUĞAN ABİDƏLƏRİ: DÜNƏN VƏ BU GÜN
17. Novoqolovka (Uzuntəpə) molokanları-Araşdırma
16. Mişarçayın sirləri – araşdırma, inform.az, 13.03.2017
17. “Muğ – an” etnonimi və toponimi haqqında, araşdırma,inform.az, 20. 03.2017
18. Azərbaycanda sirli məzarlar, araşdırma, Sputnik (R.Zakiroğlu), 07. 10. 2017
19. “Milli maraqların qorunmasına yönəldilmiş siyasət”- ARAŞDIRMA
Oktyabr 17, 2022 Məcra Az
19. Erməni terror təşkilatları, Region Səs qəzeti, 26 aprel 2007;
20. Cənubi Azərbaycan və İran inqilabı, Yeni Gün qəzeti, 1982 və s.
Elmi kitablar:
1.Cəlilabad – qədim abidələr diyarı, Münasibət nəş., 2011, 50 tiraj;
2.Muğan. Maddi-mədəniyyət abidələri, “Nərgiz” nəş., Bakı- 2016, 300 tiraj;
3.Tarix və Zaman, “Elm və təhsil”, Bakı – 2017, 300 tiraj.
4. Vətən bizi unutmaz, “Elm və təhsil”, Bakı – 2021, 500 tiraj.
5. Muğanın irsi: Həməşəra xalçaları. “Muğan”, Cəlilabad – 2025” 200 tiraj

Elçin Hüseynov,
“Muğan Tarixçilər Birliyi”nin həmsədri

👁 baxış
