Müəllim şərəfi, müəllim adı – Ələgər Mirzəzadə yazır…

AMEA-nın Riyaziyyat və Mexanika institutunun direktoru, keçmiş Təhsil naziri, professor Misir Mərdanov “Ən şərəfli peşənin sahibləri”  məqaləsində təhsi təcrübəsinə əsaslanaraq yazır: “Yer üzərində bircə peşə var ki, onsuz cəmiyyət mövcud ola bilməz, onsuz nəsillər arasında əlaqə kəsilər, heç bir inkişafdan, hətta insanlararası münasibətlərdən də söhbət gedə bilməz.

BU MÜƏLLİMLİK PEŞƏSİDİR!..” “Mən dünyada müəllim adından yüksək ad tanımıram.” Görkəmli lider Heydər Əliyevin də bu dahiyanə tezisi müəllim adına, müəllim şəxsiyyətinə, müəllim zəhmətinə verilən ən böyük qiymətdir desək, yanılmarıq. Mərhum şəxsiyyətin gəldiyi qənaət heç də təsadüfi deyildi. Onun təhsillə bağlı keçirdiyi bütün mərasimlərdə, müəllim və tələbələrlə görüşlərində öz müəllimlərindən necə böyük məhəbbət və ehtiramla söhbət açması, bir şagird səmimiyyəti ilə onları hörmətlə yad etməsi, bir-bir adlarını çəkməsi indi də bizim yaddaşımızdadır.

Azərbaycan müəlliminin peşə bayramının tarixinin müəyyənləşdirilməsi də H. Əliyevin adı ilə bağlıdır. O vaxtdan başlayaraq(1993) oktyabrın 5-də bütün dünyada qeyd olunan Beynəlxalq Müəllimlər Günü ölkəmizdə də onun fərmanı ilə ümumxalq bayramına çevrildi. Qədirbilən xalqımız müqəddəs müəllim peşəsinə həmişə dərin hörmət və ehtiramla yanaşmışdır. Bütün İslam aləmində, türkdilli xalqlarda ən qüdrətli şahlar, sultanlar öz müəllimlərini ölənə qədər unutmamış, hətta ölümlərindən sonra da onlara hörmət və itaət nümayiş etdirmişlər. Ölkələr fəth etmiş böyük Əmir Teymurun öz müəlliminin ayaqları altında dəfn edilməsi barədə vəsiyyəti buna əyani sübutdur. Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində yeni era açmış böyük mütəfəkkir, filosof, yazıçı, dramaturq, şair Mirzə Fətəli Axundovun öz vəsiyyətinə əsasən Tiflisdə,unudulmaz müəllimi şair Mirzə Şəfi Vazehin yanında dəfn olunması da təsadüfi deyil. Belə misalların sayını istənilən qədər artırmaq olar.

Sovetlər dönəmində də Azərbaycan milli məktəbi öz gücünü və qüdrətini qorumuş, bəşəriyyətə görkəmli alim və ictimai-siyasi xadimlər bəxş etmişdir. Azərbaycanın milli maarifçiliyi, milli təhsili məhz ölkəmiz milli müstəqilliyini əldə etdikdən sonra inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycanın müstəqilliyindən sonra milli Azərbaycan məktəbinin, Azəbaycan müəlliminin qarşısında yeni üfüqlər, yeni perspektivlər açılmışdır. Mərhum H. Əliyev təhsil işçilərinin yığıncağında demişdi ki, “Xoşbəxt gələcəyə gedən bütün yollar elmdən, bilikdən, təhsildən, məktəbdən başlayır, yalnız məktəbdən keçən yollar bizi arzularımıza doğru apara bilər”. Məktəb, təhsil və müəllim; bəli, dahilər demişkən, bizi xoşbəxt gələcəyə aparan yol bunlardan keçir, təkmilləşmiş milli təhsildən keçir. Məncə, təhsil sistemimizdə yeni islahatların aparılmasının vaxtı çatmışdır.

Bir mətn şəkili ola bilər

Tezliklə milli təhsil sistemimizdə struktur dəyişikliyi aparılmalı, uşaqlarımızın idrakına uyğun yeni forma hazırlanmalıdır. Xaricə olan inteqrasiya dərindən nəzərdən keçirilməli, milli-mənəvi dəyərlərə yer verilməlidir. Son on ildə ölkəmizdə aparılan məktəb tikintiləri sürətlə davam edir. Amma məktəblər qədər əhəmiyyət kəsb edən bağçalarımız yerində sayır. Xaricdən öyrənib tətbiq etdiyimiz təhsil formalarının hamısı bağça ilə bağlıdır. Şəxsən bizim Cəlilabad rayonuna bitişik elə kəndlər var ki, əhalinin sayı 13-15 minə çatır, amma rayon mərkəzi səviyyəsinə çatan kənddə bir dənə də olsun bağça yoxdur. Bağça dövrünü keçirməyən uşaq məktəb həyatında bu günkü təhsili çox çətinliklə mənimsəyir, bəzən heç mənimsəyə bilmir. Buna baxmayaraq, təhsildə uğurlarımız çoxdur. Müəllim çatışmamazlığı, demək olar ki, yoxdur. Şübhəsiz, bütün bu uğurlar, əldə olunan müsbət nəticələr müəllim əməyinin, müəllim zəhmətinin bəhrəsidir.

Nurlu peşə sahibləri fəal çalışdıqları, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldikləri kimi, sevimli peşə bayramlarında — Beynəlxalq Müəllimlər Günündə ürəkdən sevinməyi, fərəhlənməyi də bacarırlar. Bayramınız mübarək, əziz müəllimlər!

Ələsgər Mirzəzadə, ADPU Cəlilabad filialının müəllimi, tarixçi-araşdırmaçı

👁 baxış