Azərbaycan hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib, Dayanıqlı İnkişaf Məqsədlərinin inkişafına, beynəlxalq sülh və təhlükəsizliyə töhfə verib. Ölkəmiz bu vaxta qədər BMT başda olmaqla bütün beynəlxalq platformalara təcavüz və işğaldan əziyyət çəkən tərəf kimi qatılırdısa, artıq son 5 ildə qalib ölkə kimi təmsil olunur. 44 günlük Vətən müharibəsində qazandığımız böyük zəfər, Cənubi Qafqazda davamlı sülh təşəbbüsləri Azərbaycanın nüfuzunu daha da artırıb. Prezident İlham Əliyevin Nyu-Yorka səfəri zamanı keçirilən yüksək səviyyəli çoxsaylı görüşlər bunun əyani sübutudur. Azərbaycan həm iqtisadi potensialı və qlobal əməkdaşlıq təşəbbüsləri, eyni zamanda siyasi gündəliyi ilə beynəlxalq aləmdə böyük maraqla qarşılanır. Ölkə başçısının iri investisiya şirkətlərinin, müxtəlif dövlətlərin – Finlandiya, Yunanıstan, Keniya, Portuqaliya, Bolqarıstan liderləri, AŞ və BMT baş katibi ilə görüşləri Azərbaycana olan marağın göstəricisidir. Bütün görüşlərdə Azərbaycan liderinə rəğbət açıq şəkildə ifadə olundu. ABŞ Prezidenti Donald Tramp isə BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda Müzəffər Ali Baş Komandana “Mən Sizinlə həqiqətən fəxr edirəm” söylədi. Bu, Azərbaycan liderinə ehtiramın göstəricisidir.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı Azərbaycanın keçdiyi yolun sadəcə hesabatı deyil, dünya ictimaiyyətinə ünvanlanmış strateji manifest oldu. Bu nitqdə ölkəmizin daxili və xarici siyasətinin bütün əsas istiqamətləri – azad olunmuş torpaqların bərpasından tutmuş qlobal iqlim və enerji gündəliyinədək öz əksini tapdı.Prezident haqlı olaraq xatırlatdı ki, onilliklər boyu Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri icrasız qaldı. Bu, seçiciliyin və ikili standartların beynəlxalq hüquqa inamı necə sarsıtdığını açıq göstərdi. Bu gün Azərbaycan hüququn gücü və öz iradəsi ilə ərazi bütövlüyünü bərpa etməklə yalnız tarixi ədalətsizliyi aradan qaldırmadı, həm də sübut etdi ki, beynəlxalq hüquq bəyanatdan ibarət yox, real işlək mexanizm olmalıdır. Dünya ictimaiyyəti üçün bu aydın mesajdır: uzunmüddətli sülh yalnız o halda mümkündür ki, qətnamələr və razılaşmalar həqiqətən icra olunsun, təcavüzkar isə məsuliyyət daşısın. Prezident Əliyev vurğuladı ki, 2020-ci ildə Qələbədən dərhal sonra ölkəmiz Ermənistanla sərhədlərin qarşılıqlı tanınması və suverenliyə hörmət prinsipləri əsasında sülh təklif etdi. Bu addım Azərbaycanın xarici siyasətinin yetkinliyinin göstəricisidir. Bu gün isə nəticələr göz qabağındadır: sülh müqaviləsinin mətni paraflanıb və nəticəsiz qalmış Minsk prosesi bağlanıb.
Dünya ictimaiyyəti üçün İlham Əliyevin çıxışı dialoqa və əməkdaşlığa dəvət, bizim – azərbaycanlılar üçün isə qürur mənbəyi və dövlət kursunun ardıcıl, praqmatik və uzaqgörən olduğunun təsdiqidir. Azərbaycan bu gün BMT tribunasından zərərçəkmiş ölkə kimi deyil, qalib dövlət, sülh qurucusu və lider ölkə kimi danışır və qlobal ədalətə, təhlükəsizliyə və davamlı inkişafa töhfə verməyə hazırdır. Məhz Prezident İlham Əliyevin düzgün hesablanmış siyasəti nəticəsində Cənubi Qafqaz regionunun güclü dövlətinə çevrilmiş Azərbaycanın sözü ən ali tribunalardan eşidilir. Dünənədək BMT tribunasından dünyadan ədalət tələb edən Azərbaycan bu gün həmin tribunadan sülh və əməkdaşlıq çağırışlarını səsləndirən, öz mövqeyini dünyaya tanıdan və qəbul etdirən dövlət statusunu qazanıb. Ölkəmizin BMT-dəki üstün mövqeyi həm tarixi ədalətin bərpası, həm də Azərbaycanın siyasi iradəsinin və iqtisadi gücünün təzahürüdür.
Tural Cəfərov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı
👁 baxış
