Təhsil nazirinin cəmiyyət olaraq vərdiş etmədiyimiz bir özəlliyi var: keçir kameraların qarşısına və məsul olduğu sahənin problemlərindən danışır. Bu, bizə yad görüntüdür. Nazir dediyin az söz, çox rəqəmlə cəmiyyəti hipnoz edər.
Ümumiyyətlə, bizdə nikolaydanqalma bir ənənə var; məsul şəxsin danışmadıqca, gözə görünmədikcə şöhrəti və hörməti artar. Həm yuxarıların, həm aşağıların yanında.
Bəs təhsil naziri bu milli ənənədən niyə yararlanmır?
Mənim fikrimə görə, təhsil naziri gizləməli olduğu problemləri dilə gətirməklə cəmiyyətdən kömək istəyir. 20 yaşlı bir şair bu gün Yazıçılar Birliyinə sədr seçilsə, yaxud 30 yaşlı gənc bir alim sabah Milli Elmlər Akademiyasının prezidenti təyin edilsə, nə edə bilərsə, təhsil naziri də təhsildə onu edə bilir.
Daha artığını etmək üçün ictimai istək və dəstək olmalıdır. Keçən il müəllimlərin qurultayında iştirak edirdim. Tribunaya qalxan bütün təhsil məmurları partiya lideri kimi çıxış etdi, bircə nazir özü təhsilin problemlərindən danışdı. Səhər gün hamı öz kabinetində başını aşağı salıb çörəyini qazandı, nazir qaldı özünü ABŞ-a, övladını Harvarda layiq bilənlərin arasında. Çünki cəmiyyət onun nitqində özünü eybəcər görmüşdü.
Cəmiyyəti qıcıqlandıran təhsil adlı güzgüdə özünü əyri görməsiydi. Biz öz əyriliyimizi yox, bizi əyri göstərən güzgünün dəyişməsini, dəyişdirilməsini istəyirik.
Danışmayanlara da buna görə hörmətimiz böyükdü. Çünki danışmayan bizi özümüzə göstərmir. Hətta buradan Emin müəllimə bir eksperiment təklif edirəm: bir il danışmasın, görün nə qədər təhsil tənqidçisi yoxa çıxacaq.
Məktəb evin davamıdır, bir evdən oraya şagird gəlirsə, digər evdən müəllim gəlir. Yəni təhsil mühiti cəmiyyətdən ayrı bir mühit deyil. Cəmiyyət nə haldadırsa, məktəb də o halda olacaq. Elə bir ölkə varmı ki, orada cəmiyyət mükəmməldi, məktəblər zay?
Aqşin Yenisey, yazıçı
👁 baxış
