Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu son illərdə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə ciddi diqqət mərkəzinə çevrilmişdir. Xüsusilə, 2019-cu ildə – Vətən müharibəsindən öncə – Münxen Təhlükəsizlik Konfransı və Valday Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Prezident İlham Əliyevin səsləndirdiyi mövqelər Azərbaycanın xarici siyasətində yeni mərhələnin başlandığını aydın şəkildə nümayiş etdirirdi. Əlbəttə, bu mərhələyə qədər də Azərbaycanın aydın və prinsipial xarici siyasət xətti mövcud idi. Bu strateji xətt ölkənin milli maraqlarına, qonşularla qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanır, eyni zamanda Qərb, İslam dünyası, Türk dövlətləri və Müstəqil Dövlətlər Birliyi ilə qarşılıqlı faydalı əməkdaşlığa, beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq əlaqələrinin qurulmasına yönəlmişdi. Ən mühüm prioritetlərdən biri isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə nail olmaq idi. Lakin 2019-cu ildə Ermənistanın Baş naziri Nikol Paşinyanın işğal altındakı Şuşa şəhərinə səfəri zamanı səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı danışıqlar prosesinin əsl mahiyyətini – yəni onun imitasiya xarakteri daşıdığını – tam şəkildə ifşa etdi. Bu, Azərbaycanın mövcud diplomatik kursunda dönüş nöqtəsi oldu. İşğalla heç vaxt barışmayacağını qəti şəkildə bəyan edən Prezident İlham Əliyev daha sərt və prinsipial ritorikaya keçdi. Azərbaycanın ərazi bütövlüyünün yalnız sülh yolu ilə deyil, zərurət yaranacağı təqdirdə hərbi yolla da bərpa olunacağını açıq şəkildə ən yüksək tribunlarda bildirdi. Elə həmin il, 2019-cu ildə, Valday Forumunda səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi Ermənistan və ümumilikdə beynəlxalq ictimaiyyətə ünvanlanmış qəti cavab idi.
2020-ci il Vətən müharibəsi zamanı Prezident İlham Əliyev yalnız hərbi-siyasi rəhbər kimi deyil, həm də informasiya müharibəsinin ön cəbhəsində duran əsas fiqur kimi çıxış etdi. Müharibənin hər günü nüfuzlu xarici media qurumlarına müsahibələr verərək reallıqları dünya ictimaiyyətinə çatdırdı, qərəzli suallara dəqiq və arqumentli cavablarla cavab verdi. Bu dönəmdə Azərbaycan Prezidenti təkcə cəbhədə deyil, informasiya və diplomatik meydanlarda da qələbənin əsas memarına çevrildi. Müharibədən sonrakı dövrdə də Azərbaycan Prezidentinin fəaliyyəti beynəlxalq aləmdə ciddi maraqla izlənməkdə davam edir. Qarabağ bölgəsində gedən bərpa və yenidənqurma işləri, neft-qaz sektorunda əldə olunan uğurlar, regional və qlobal güclərlə qurulan yeni münasibətlər Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirmişdir. Dünyanın müxtəlif ölkələrindən aparıcı media qurumları Prezident İlham Əliyevdən müsahibə almağa çalışır. Bu baxımdan son nümunələrdən biri də Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Ərəbiyyə” televiziya kanalının müsahibə müraciəti olmuşdur.
26 avqustda yayımlanan müsahibə bir sıra mühüm və aktual mövzuları əhatə etməsi ilə diqqət çəkdi. Müsahibənin əsas məqamlarından biri 8 avqust tarixində ABŞ-da imzalanmış Bəyanat və ardından paraflanan sülh müqaviləsi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsahibədə bu sənədlərin bölgədə uzun illər davam edən münaqişə və müharibələrə son qoyduğunu vurğulayaraq, “Mən hesab edirəm ki, bu, münaqişənin və müharibənin sonudur,” deyə bəyan etdi. Bununla yanaşı, dövlət başçısı əhəmiyyətli bir məqama toxundu. Əgər güclü xarici müdaxilə olarsa, bu, razılaşmaları poza bilər. Amma bu, Ermənistanın özü üçün çox zərərli olar. Bəli, Vaşinqtonda imzalanmış sənədlərin hüquqi və siyasi etibarlılığı, onların konkret kim tərəfindən imzalanmasından asılı deyil – əsas məsələ həmin şəxsin Ermənistan dövlətini təmsil etməsidir. Bu səbəbdən, Ermənistanın razılaşmadan yayınması və ya prosesi süni şəkildə uzatması, birbaşa ABŞ-ə və Prezident Trampa qarşı hörmətsizlik kimi qiymətləndirilə bilər. Bunun siyasi nəticələrinin Ermənistan üçün nə qədər ağır ola biləcəyini isə ancaq zaman göstərəcəkdir.
Bununla yanaşı, müsahibədə diqqət çəkən başqa bir məqam da Ermənistanın qarşısında açılan yeni fürsət pəncərəsi ilə bağlı idi. Regional əməkdaşlıq perspektivləri, iqtisadi inteqrasiya imkanları və nəqliyyat-kommunikasiya layihələri Ermənistanın gələcək inkişafı üçün real şans yaradır. Xüsusilə Zəngəzur dəhlizi kimi strateji layihələr təkcə Azərbaycanın deyil, bütün regionun maraqlarına xidmət edə bilər. Ermənistanın bu prosesə konstruktiv yanaşması, ölkənin tranzit və əməkdaşlıq platformasına çevrilməsinə şərait yarada bilər.
Əlavə olaraq qeyd etmək istərdim ki, müsahibədə dövlət başçımıza Yaxın Şərq və regionun əsas gücləri — İran, Rusiya, Suriya, İsrail və Türkiyə ilə bağlı sualların ünvanlanması da diqqətdən yayınmadı. Bu, Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada siyasi çəkisinin artdığını göstərir. Müsahibənin quruluşu və sualların miqyası bir daha təsdiqlədi ki, Azərbaycan bu gün regional məsələlərin passiv izləyicisi deyil, aktiv iştirakçısı və formalaşdırıcısıdır. Bu mövqenin qazanılmasında isə dövlətin siyasi iradəsi, prinsipial mövqeyi və əlbəttə ki, İlham Əliyev faktoru həlledici rol oynayır. Prezidentin balanslı və qətiyyətli siyasəti Azərbaycanın beynəlxalq münasibətlər sistemində getdikcə daha ciddi və hesablaşılan tərəfdaş kimi tanınmasına zəmin yaradıb.
Xəyalə Cavanşirli
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
👁 baxış
