Dil – Millətin ruhudur

Dil – millətin yaddaşı, ruhunun səsi, varlığının ifadəsidir.O, sadəcə ünsiyyət üçün bir vasitə deyil, xalqın tarixini, dünyagörüşünü, mənəviyyatını və mədəni kimliyini nəsildən-nəslə daşıyan canlı bir irsdir. Torpaq necə müqəddəsdirsə, bayraq necə ucalıq rəmzidirsə, ana dili də xalqın ruhuna hopmuş, onun milli mənsubiyyətini yaşadan ən əsas dəyərdir. Hər bir millət öz dilində var olur, onunla düşünür, yaradır, sevinir və kədərlənir. Məhz bu səbəbdən Azərbaycan xalqı üçün də ana dilinin qorunması və inkişafı yalnız mədəni və elmi məsələ deyil – bu, eyni zamanda mənəvi bütövlüyümüzün və siyasi müstəqilliyimizin təməlidir. Dilimizi yaşatmaq – tarixi yaddaşımıza, milli kimliyimizə və gələcəyimizə sahib çıxmaq deməkdir.

Azərbaycan xalqının bu mübarizəsində ön sıralarda yer alan şəxsiyyətlərdən biri, heç şübhəsiz, Ümummilli Lider Heydər Əliyev olmuşdur. Onun cəsarətli və ardıcıl mövqeyi sayəsində Azərbaycan dili sovet dövrünün bütün maneələrinə baxmayaraq qorunmuş, inkişaf etdirilmiş və nəhayət, dövlət dili kimi rəsmiləşdirilmişdir. 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusunun verilməsi məhz Ulu Öndərin təşəbbüsü ilə baş tutmuşdur. O dövrdə Azərbaycan dilinin konstitusiyada rəsmiləşməsi böyük siyasi iradə tələb edirdi. Ulu Öndərin rəhbərliyi ilə 73-cü maddəyə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” ifadəsinin əlavə olunması, bir xalqın öz dilinə sahib çıxmaq haqqının qanunvericiliklə təmin olunmasının ən mühüm nümunələrindən biri idi.

Azərbaycan dilinin hüquqi baxımdan möhkəmləndirilməsi yalnız sovet dövrü ilə bitmədi. Müstəqillik dövründə də bu siyasət davam etdirildi. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin adı ilə bağlı geniş müzakirələr aparıldı və xalqın iradəsi ilə 21-ci maddəyə “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəası daxil edildi. Bu addım yalnız hüquqi sənədin tərtibi deyildi – bu, xalqımızın milli kimliyinə, mənəvi dəyərlərinə sədaqətinin rəsmi təsdiqi idi.

Azərbaycan əlifbası da bu mübarizənin bir hissəsidir. Zaman-zaman əlifbamız dəyişmiş, ərəb, latın, kiril qrafikaları arasında keçidlər baş vermişdir. Lakin bu dəyişikliklərə baxmayaraq, Azərbaycan dili öz mahiyyətini, ruhunu heç vaxt itirməmişdir. 1992-ci ildə latın qrafikalı əlifbaya keçid isə yalnız texniki bir yenilik deyil, eyni zamanda milli özünüdərkin, mədəni dirçəlişin və azad düşüncənin simvoluna çevrilmişdir. Bu islahat dilimizə yeni nəfəs vermiş, onu müasir dövrün tələblərinə uyğunlaşdırmışdır.

Tarix boyu bu dilə xidmət edən, onu yaşadan, zənginləşdirən şəxsiyyətlərimiz – Nizami, Füzuli, Mirzə Cəlil, Cəfər Cabbarlı kimi dahilər olmuşdur. Onlar dilin sadəcə vasitə deyil, həm də bir ideya, bir mübarizə və yaradıcı güc daşıyıcısı olduğunu sübut etmişlər. Hər dövr öz söz ustadlarını, dil bayraqdarlarını yetişdirmişdir və bu proses bu gün də davam edir.

Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, ” Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir”. Bəli, bu gün dilimizin hər səslənən sözündə tariximiz var, mədəniyyətimiz var, şəhidlərimizin xatirəsi var.

Zaman dəyişir, texnologiyalar inkişaf edir, qloballaşma dəyərləri aşındırır. Lakin dilimizi qorumaq, onu sevərək danışmaq, nəsildən-nəslə ötürmək bizim ən müqəddəs borcumuzdur. Evimizdə, məktəbdə, sosial mediada – harada olursa-olsun Azərbaycan dilinə sahib çıxmaq, onu təmiz, aydın və sevgi ilə yaşatmaq bir millət olaraq tarixin yaddaşında iz qoymağımızın ən əsas yoludur.

Yaşa, ey müqəddəs Azərbaycan dili! Sən yaşadıqca, biz də varıq!

Arzu Cahangirova

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının

 Pirallahı Rayon Komitəsinin sədri

👁 baxış